Qurban Sadıqovla bağlı uzun illərdir davam edən mülki mübahisə yenidən gündəmə gəlib. İddiaçı Loğman Məmmədovun təqdim etdiyi məlumatlara görə, məhkəmə qərarlarına baxmayaraq, borcun bir hissəsi bu günədək ödənilməyib.
1xeber.media xəbər verir ki, tərəflər arasında qohumluq münasibətləri 2015-ci ildə yaranıb. Bildirilir ki, həmin dövrdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən 145 nömrəli mənzil satın alınıb. İddiaya əsasən, mənzilin alınması üçün çəkilən bütün xərclər Loğman Məmmədov tərəfindən ödənilib, lakin əmlak Maya Məmmədovanın adına rəsmiləşdirilib.
Loğman Məmmədovun iddiasına görə, sonrakı illərdə Qurban Sadıqov müxtəlif vaxtlarda ümumilikdə 1 milyon 650 min manat məbləğində pul alıb və həmin vəsaiti geri qaytaracağını öhdəsinə götürüb.
İddiaçı bildirir ki, Qurban Sadıqov sonradan borcun mövcudluğunu müxtəlif görüşlərdə, rəsmi izahatlarda və səs yazılarında da etiraf edib. Məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və məhkəmə orqanlarına müraciət olunub.
Məlumata görə, aparılan məhkəmə araşdırmaları nəticəsində iddianın bir hissəsi təmin edilib. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14.11.2023-cü il tarixndə verdiyi qərara əsasən Qurban Sadıqovdan 1 milyon 110 min manatın tutularaq Loğman Məmmədova ödənilməsi barədə qərarı qüvvədə saxlayıb və sənəd icra olunması üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərilib.
İcra prosesi çərçivəsində Maya Məmmədovanın adına rəsmiləşdirilmiş mənzil hərraca çıxarılıb. Bildirilir ki, keçirilən hərrac nəticəsində əmlak 960 min manata satılıb və əldə olunan vəsait qanunvericiliyin tələblərinə uyğun şəkildə yönləndirilib.
Buna baxmayaraq, iddiaçı tərəfin açıqlamasına görə, hazırda Qurban Sadıqovun Loğman Məmmədova 249 min manat borcu qalır və həmin məbləğin ödənilməsi istiqamətində icra tədbirləri davam etdirilir. İddiada qeyd olunur ki, bu məqsədlə borclunun digər əmlaklarının və aktivlərinin müəyyən edilərək qanunvericiliyə uyğun qaydada icraya cəlb olunması imkanları araşdırılır.
Sənədlərdə həmçinin qeyd edilir ki, məhkəmə qərarlarında ümumilikdə daha 840 min manatlıq tələbin iddia müddətinin keçməsi səbəbindən təmin olunmadığı göstərilib.
Qeyd: Yazıda yer alan məlumatlar iddiaçı tərəfin təqdim etdiyi sənədlərə və məhkəmə qərarlarına istinadən hazırlanıb. Qurban Sadıqovun məsələyə münasibəti təqdim olunacağı təqdirdə xəbər yenilənəcək.



















