Rusiyanın Kirov şəhərində yerləşən müəssisələrdən biri raket hücumuna məruz qalıb.
1xeber.media xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.
Onun sözlərinə görə, hücum bu gün səhər saatlarında həyata keçirilib. Sokolov zərbənin raketlə endirildiyini bildirib, lakin hücuma məruz qalan müəssisənin adını açıqlamayıb.
Yerli KİV-in məlumatına görə, şəhər sakinləri səhər saat 06:45 radələrində güclü partlayış səsi eşidiblər.
Rusiya rəsmilərinin açıqlamasına əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yaralılara tibbi yardım göstərildiyi bildirilir.
Qeyd olunur ki, bu, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Kirov şəhərinə endirilən ilk raket hücumudur. Bundan əvvəl region yalnız pilotsuz uçuş aparatlarının hücumları ilə üzləşmişdi.
Qeyd edək ki, bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır. Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
















