Bərdə Rayon Mərkəzi Xəstəxanasında rəhbərlik dəyişikliyinin baş verəcəyi ilə bağlı məlumatlar yayılıb.
1xeber.media Gununsesi.info-ya istinadla xəbər verir ki,yaxın vaxtlarda tibb müəssisəsinə yeni direktorun təyin ediləcəyi gözlənilir.
Mənbələrin bildirdiyinə görə, hazırda bununla bağlı aidiyyəti qurum daxilində müzakirələr davam etdirilir.
Yeni rəhbərin kimliyi ilə bağlı müxtəlif iddialar səslənsə də, hələlik yekun qərarın verilmədiyi və rəsmi təyinatın elan olunmadığı bildirilir.
Qeyd edək ki, son aylarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində rəhbər heyətin yenilənməsi prosesi müşahidə olunur. Müxtəlif rayon və şəhər xəstəxanalarına yeni direktorların təyin edilməsi fonunda Bərdə Rayon Mərkəzi Xəstəxanasında da analoji qərarın qəbul ediləcəyi gözlənilir.
Son dövrlərdə Bərdə Rayon Mərkəzi Xəstəxanası müxtəlif səbəblərlə ictimaiyyətin diqqət mərkəzində olub. Sosial şəbəkələrdə və mediada tibb müəssisəsində həkim çatışmazlığı, xüsusilə növbətçi cərrahın olmaması ilə bağlı iddialar yayılmış, bununla əlaqədar TƏBİB açıqlama vermişdi.
Qurum bildirmişdi ki, həmin vaxt növbətçi cərrahlar ağır vəziyyətdə olan digər pasiyent üzərində əməliyyat apardıqları üçün müraciət edən vətəndaşlara eyni anda xidmət göstərə bilməyiblər. Bundan əvvəl də xəstəxananın fəaliyyəti ilə bağlı müxtəlif şikayətlər və narazılıqlar ictimai müzakirələrə səbəb olmuşdu. Səhiyyə sistemində həyata keçirilən idarəetmə islahatları çərçivəsində rəhbər kadrların yenilənməsi tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi daşıyır. Bu baxımdan Bərdə Rayon Mərkəzi Xəstəxanasında da mümkün rəhbər dəyişikliyinin həmin prosesin tərkib hissəsi ola biləcəyi istisna edilmir. Hələlik nə TƏBİB, nə də digər aidiyyəti qurumlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunacağı ilə bağlı rəsmi açıqlama verməyib. Rəsmi qərar elan olunduqdan sonra yeni rəhbərin kimliyi və təyinatın təfərrüatları barədə əlavə məlumat veriləcəyi gözlənilir.
















