Azərbaycanın pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur, təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsi çərçivəsində formalaşır.
1xeber.media bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
"Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6,43 %, iyul ayının ötən dövründə isə 6,39 % olub. Məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (AMB-nin bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin I yarısının sonuna 6 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.1 dəfə artıb. Bu da bankların kreditvermə potensialının kifayət qədər yüksək olduğunu göstərir.
Likvidliyi idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Bu əməliyyatların payı iyun ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 84,3 % təşkil edib. Bununla yanaşı, notların yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. Son 3 ayda bütün müddətlər üzrə notların gəlirliliyində, habelə gəlirlilik əyrisinin ortamüddətli və uzunmüddətli hissələrində azalma qeydə alınıb. Eyni zamanda, yeni cəlb olunmuş manatla müddətli depozit və əmanətlər üzrə faiz dərəcələrində ötən ilin iyul ayı (uçot dərəcəsinin azaldığı ay) ilə müqayisədə cari ilin iyun ayında azalma müşahidə olunub", -deyə AMB bəyan edib.

















