Ümummilli lider Heydər Əliyev: "Ümummilli liderDilimiz çox zəngin və ahəngdar dildir,
dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr
edirəm."
Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət
dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət
tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da
inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq
referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli
yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm
verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub. Ana dilinə hər
zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Dil hər bir
millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,
ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.
Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla
yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib, həmin
problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı
istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də
davam etdirilib. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə
əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni
Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da
zənginləşməsi baxımından əhəmiyyətli olub.
Ölkə Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23
may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun
maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli sərəncamları ölkədə
dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm sənədlərdir.
Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin
inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm
məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək
xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və
inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə
bilərik.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı
















