1xeber.media xəbər verir ki, Rusiyada elmə indiyədək məlum olmayan və dəyərinin qızıldan yüksək olduğu bildirilən yeni mineral aşkar olunub.
Məlumata görə, mineral Xibin massivində yerləşən Kirov mədənində tapılıb və “Kola aşkroftini” adlandırılıb. Bu barədə Rusiya Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mineralın tərkibində nadir torpaq elementi olan ittrium mövcuddur. Mütəxəssislərin sözlərinə görə, bu kristal təkcə estetik baxımdan deyil, həm də Yer qabığının kimyəvi tərkibini öyrənmək üçün mühüm elmi əhəmiyyət daşıyır.
Nazirlikdən qeyd edilib ki, kristalda ittrium, silisium, kalium, natrium və digər kimyəvi elementlər mövcuddur.
Məlumata əsasən, mineralın üzərindəki nazik örtüyün hər millimetrinin orta dəyəri təxminən 145 ABŞ dolları təşkil edir ki, bu da eyni ölçüdə qızılın qiymətindən yüksək hesab olunur.
Alimlər həmçinin bildiriblər ki, aşkar edilən kristalın quruluşu elmə məlum olan ən mürəkkəb mineral strukturlarından biri sayılır.
Qeyd edək ki, bu məlumat Rusiya Təhsil və Elm Nazirliyinin açıqlamasına əsaslanır və mineralın iqtisadi dəyəri ilə bağlı qiymətləndirmələr elmi mənbələrin təqdim etdiyi məlumatlara söykənir.
















