1xeber.media xəbər verir ki, Rusiyanın dövlət korporasiyası **“Rosatom”**un tərkibinə daxil olan FESCO şirkətinə məxsus “Yanina” adlı yük gəmisinin Qara dənizdə batdığı açıqlanıb.
“Rosatom”un baş direktoru Aleksey Lixaçevin RIA Novosti agentliyinə verdiyi məlumata görə, hadisə Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu iddia edilən dəniz pilotsuz aparatlarının hücumu nəticəsində baş verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 22:00 radələrində iki dəniz dronu beynəlxalq sularda mülki yük daşıyan konteyner gəmisinə hücum edib. Gəmidə dondurulmuş ərzaq məhsulları, tikinti və üzlük materialları kimi mülki yüklər daşındığı bildirilib.
Lixaçev qeyd edib ki, gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib və onların vəziyyəti qənaətbəxşdir.
O, baş verən hadisənin “dəniz quldurluğu və piratçılıq” kimi qiymətləndirilməli olduğunu bildirib.
Qeyd edək ki, bu məlumat Rusiya tərəfinin açıqlamasına əsaslanır və hadisənin səbəbləri ilə bağlı Ukrayna tərəfindən hələlik rəsmi açıqlama verilməyib.