1xeber.media xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında oğurluqda şübhəli bilinən şəxs polis əməkdaşlarının gözü qarşısında avtomobilin baqajında saxlanılan şəxsi güllələyib.
Hadisə iyulun 29-da Kaliforniyanın Çino-Hills şəhərində baş verib. CBS News-un məlumatına görə, polis Monteverde-Drive küçəsində atəş səsləri və qışqırıqlar barədə çağırış alıb.
Hadisə yerinə gələn polis əməkdaşları yüksək sürətlə hərəkət edən şübhəli avtomobil aşkar ediblər. Sürücü dayanmaq tələbinə məhəl qoymayıb, lakin qısa təqibdən sonra polis avtomobili bloklamağa nail olub.
Polis maşında olan iki şəxsdən avtomobildən çıxmağı tələb edib. Sərnişin göstərişə əməl edərək saxlanılıb. Sükan arxasında olan 37 yaşlı Reynaldo Kordova isə avtomobildən düşdükdən sonra baqajı açaraq içəridə olan 35 yaşlı girov Roberto Rodrigesə atəş açıb.
Bundan sonra polis əməkdaşları şübhəli şəxsə atəş açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilə yaxınlaşdıqda baqajda güllə yarası olan şəxsin cəsədini aşkar ediblər.
Atışma zamanı yaralanan Kordova aldığı xəsarətlərdən qan itirib. Hadisədə iştirak edən digər sərnişin saxlanılıb, lakin xəsarət almayıb.
İstintaq davam edir. Hadisənin motivləri və iştirakçılar arasındakı münasibətlər hələlik müəyyən edilməyib.
















