Rusiyada fəaliyyət göstərən hərbi mövzulu "Arxangel Spetsnaza" Telegram kanalı Ukrayna Silahlı Qüvvələrinin (VSQ) pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlarda taktikanı dəyişdiyini iddia edib.
1xeber.media xəbər verir ki, kanalın məlumatına görə, avqustun 3-də Ukrayna qüvvələri Rusiya sərhəd bölgələrinə cəmi 58 pilotsuz uçuş aparatı ilə hücum edib. Lakin avqustun 4-nə keçən gecə hücumların intensivliyi yenidən artıb və Rusiya hava hücumundan müdafiə sistemləri 320 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.
Məlumatda iddia olunur ki, əsas hədəflər Moskva və Leninqrad vilayətləri olub. Bildirilir ki, hər iki bölgədə logistika anbarlarına zərbələr endirməyə cəhd göstərilib.
Qeyd edilir ki, Leninqrad vilayətinin Krasnı Bor qəsəbəsində yerləşən anbarlardan birində yanğın baş verib. Moskva vilayətinə hücum nəticəsində isə Rusiya rəsmilərinin açıqlamasına əsasən, beş nəfər həlak olub, daha on nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, bu məlumatlar Rusiya mənbələrinin açıqlamalarına əsaslanır və Ukrayna tərəfi məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.
















