Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan vətəndaşlarının həyatını itirməsi ilə nəticələnən faciəvi təyyarə qəzası xəbərini dərin kədərlə qarşıladım. Bu qüssəli anlarda Bosniya və Herseqovina xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların ailələri və yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının kədərini bölüşürük. Bu faciə nəticəsində həyatını itirənlərin ruhu şad olsun, yaralananların tam sağalmasını diləyirik.
Sizə dərin ehtiramımızı və dəstəyimizi ifadə edirik".
***
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən sarsıtdı.
Gürcüstan Hökuməti və gürcü xalqı adından Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda biz qardaş Azərbaycanın yanındayıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.
Zati-aliləri, Sizin və dost Azərbaycan xalqının kədərini bölüşürük".
***
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.
Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm".
***
Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.
1xeber.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, İran Prezidenti Məsud Pezeşkian, Bolqarıstan Prezidenti Rumen Radev, Pakistanın Baş naziri Şahbaz Şərif, Prezident Asif Əli Zərdari, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Türk Dövlətləri Təşkilatı, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, həmçinin Səudiyyə Ərəbistanı hökuməti, bir sıra dövlət və hökumət rəsmiləri, bir sıra ölkələrin Xarici İşlər nazirlikləri, dost dövlətlərin parlament sədrləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.