1xeber.media xəbər verir ki, Almaniyanın Leyptsiq/Halle hava limanında yaxınlığında partlayıcı qurğulu pilotsuz uçuş aparatı aşkarlanan Ukraynaya məxsus yük təyyarəsinin döyüş sursatı daşıdığı iddia olunur.
Almaniyanın Süddeutsche Zeitung nəşrinin polis hesabatına istinadən yaydığı məlumata görə, "Antonov" tipli yük təyyarəsi Fransadan Leyptsiqə gətirilən və sonradan başqa istiqamətə göndərilməsi planlaşdırılan sursatlarla yüklənmiş olub.
Nəşr qeyd edir ki, daşınan sursatın növü açıqlanmayıb. Həmçinin pilotsuz uçuş aparatını kimin idarə etdiyi hələ də müəyyən edilməyib.
Bundan əvvəl Almaniya mətbuatında Leyptsiq/Halle hava limanında baş verən insidentlə bağlı Ukraynanın mümkün əlaqəsinin araşdırıldığı bildirilmişdi. Məlumata görə, araşdırılan ehtimallardan biri hadisənin "saxta bayraq" əməliyyatı ola biləcəyi ilə bağlıdır. Bu versiyaya əsasən, Almaniyanın infrastrukturuna zərbə endirilməsi halında məsuliyyətin operativ şəkildə Rusiyanın üzərinə qoyulması hədəflənə bilərdi.
Qeyd edək ki, bu məlumatlar Almaniya mətbuatında dərc olunan polis hesabatına və irəli sürülən ehtimallara əsaslanır. İndiyədək hadisənin səbəbləri və mümkün məsul şəxslərlə bağlı rəsmi yekun nəticə açıqlanmayıb.

















