
Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı infrastruktur obyektlərinə kütləvi zərbələrində fasilə verməyəcəyi açıqlanıb.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavini, general-mayor Vadim Skibitski bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri ayrı-ayrı hədəflərə göndərilən raketlərin sayını azalda bilərlər, lakin hücumlarda fasilə vermələri ehtimalı azdır.
Skibitski qeyd edib ki, Rusiyanın S-400 və “İsgəndər” kompleksləri üçün ballistik raket ehtiyatları mövcuddur. Bu ehtiyatlar Moskva üçün hədəflərin prioritetlərini dəyişməyə və Ukrayna infrastrukturuna zərbələrin tezliyini qorumağa imkan verir.
Ukraynalı general həmçinin Rusiya ordusunun qış dövründə zərbələr endirmək üçün silah ehtiyatı yarada biləcəyini ehtimal edib.
Skibitskinin sözlərinə görə, Rusiya tərəfindən kütləvi zərbələrin planlaşdırılması və istifadə olunan texnologiyalar da dəyişir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin qış üçün əsas prioritetlərindən birinin kritik infrastrukturun qorunması olduğunu bildirib. O, həmçinin milli raket əleyhinə müdafiə sisteminin hazırlanmasının vacibliyini vurğulayıb.

















