Britaniyalı təqaüdçü diplomat Alastair Kruq Ukraynadakı münaqişənin yaxın gələcəkdə daha da kəskinləşə biləcəyini bildirib.
1xeber.media xəbər verir ki, Kruq bu barədə YouTube kanalında yayımlanan verilişdə danışıb.
Onun sözlərinə görə, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyduğu məqsədlərə çatana qədər Ukraynaya qarşı təzyiqi davam etdirəcək.
Kruq bildirib ki, Moskva Ukrayna ərazisinə kütləvi zərbələr endirir və Odessa ətrafındakı limanlar ciddi şəkildə dağıdılıb. Diplomatın iddiasına görə, bunun nəticəsində Ukraynanın dənizə çıxış imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb.
“Düşünürəm ki, münaqişənin kəskin şəkildə gərginləşəcəyi dövrə daxil oluruq. Rusiya məqsədlərinə çatana qədər təzyiqi davam etdirəcək”, – deyə Kruq bildirib.
Qeyd edək ki, avqustun 9-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin Odessa şəhərinin liman və enerji infrastrukturuna kütləvi zərbələr endirdiyi bildirilib. Hücumların təxminən 45 dəqiqə davam etdiyi qeyd olunub.
Patriot raketləri ilə bağlı xəbərdarlıq
Kruq həmçinin Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsinə toxunub. O, Kiyevin bu raketlərə bel bağlamamalı olduğunu bildirib.
Diplomatın sözlərinə görə, ABŞ müxtəlif ölkələrdəki raket və hava hücumundan müdafiə vasitələrini İsrailin müdafiəsi üçün toplamağı planlaşdırır. Kruq iddia edib ki, bu vəziyyətdə Ukraynanın həmin sursatlardan əldə etməsi çətin olacaq.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa daha əvvəl Kiyevin “Patriot” sistemləri üçün PAC-3 raketlərinin alınmasında çətinlik çəkdiyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna hər bir raketin əldə edilməsi üçün tərəfdaşları ilə “sözün əsl mənasında mübarizə aparmalı olur”.

















