Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında yüksək nəticə göstərərək iki kateqoriya üzrə I yerə layiq görülüblər.
1xeber.media xəbər verir ki, yarışda BMU-nun INHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektrik və elektronika mühəndisliyi” ixtisasının IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli uğurla çıxış ediblər.
Tahirə Bəylərova “Labirint” kateqoriyasında 18 komandanın iştirak etdiyi mübarizədə tapşırığı 4,11 saniyəlik nəticə ilə tamamlayaraq I yeri tutub.
Ülkər Rəhimli isə “Robosoccer” kateqoriyasında 14 komandanın iştirak etdiyi yarışda yüksək nəticə nümayiş etdirərək I yerə layiq görülüb.
Dünya finalında ümumilikdə 25 ölkədən tələbələr iştirak ediblər. IWISE yarışmasında Azərbaycan heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.
BMU tələbələrinin əldə etdikləri nəticələr onların mühəndislik, robototexnika və innovativ texnologiyalar sahəsində nəzəri biliklərini praktik bacarıqlarla uğurla əlaqələndirdiklərini nümayiş etdirir. Beynəlxalq səviyyəli innovasiya və robototexnika yarışmasında qazanılan belə uğurlar, eyni zamanda universitetdə müasir mühəndislik təhsilinin, innovativ düşüncənin və tələbə layihələrinin inkişafına göstərilən diqqətin nəticəsidir.
Qeyd edək ki, IWISE gənclərin elm, texnologiya, mühəndislik, robototexnika və innovasiya sahəsində bilik və bacarıqlarını nümayiş etdirdikləri beynəlxalq platformadır. Yarış müxtəlif mərhələlərdən ibarət olmaqla, iştirakçılara öz bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək və müxtəlif ölkələrdən olan gənc innovatorlarla rəqabət aparmaq imkanı yaradır.




















