Nijnekamsk meri Radmir Belyayev Ukrayna Silahlı Qüvvələrinin şəhərə hücumundan sonra dağıntıların miqyasını açıqlayıb.
1xeber.media xəbər verir ki, merin sözlərini TASS yayıb.
Belyayev bildirib ki, hücum nəticəsində yalnız bir yaşayış binası və hostel zərər görüb. O, daha əvvəl sosial şəbəkələrdə 30 yaşayış binasının zədələnməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.
“Bu, yanlış məlumatdır. Hazırda bir yaşayış binasında qəlpələr şüşələri, fasadı, çərçivələri və pəncərələri zədələyib. Həmçinin müəssisələrdə çalışan işçilərin yaşadığı hosteldə də zərbə qeydə alınıb”, – deyə mer bildirib.
Qeyd edək ki, avqustun 10-da Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Nijnekamskın istehsalat obyektlərinə və mülki infrastrukturuna hücum etdiyi bildirilmişdi.
İlkin məlumatlara görə, hücumda “Lyutıy” və “Bober” tipli dronlardan istifadə olunub. Rusiya tərəfinin versiyasına əsasən, dronlar ölkə ərazisinə Ukraynanın Sumı və Çerniqov vilayətləri istiqamətindən daxil ola bilərdi.

















