1xeber.media xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Türkiyə Ədliyyə Nazirliyinin onun İnterpolun “Qırmızı Bildiriş”i ilə beynəlxalq axtarışa verilməsi barədə müraciətinə münasibət bildirib.
Netanyahunun ofisindən verilən açıqlamada Türkiyənin bu addımı “qorxutmaq üçün yazıq cəhd” adlandırılıb.
İsrail tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt şəkildə tənqid edib və Ankaranın mövqeyini “ikiüzlülük” kimi qiymətləndirib.
Açıqlamada İsrailin Türkiyənin regionda sabitliyi pozmaq cəhdlərinə və ölkənin təhlükəsizliyinə yönələn istənilən təhdidə qarşı mübarizəni davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi daha əvvəl Netanyahu və digər İsrail rəsmilərinin İnterpolun “Qırmızı Bildiriş”i əsasında beynəlxalq axtarışa verilməsi üçün ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət etdiyini açıqlamışdı.

















