ABŞ Kanada ilə ticarət razılaşması üzrə danışıqlarda razılığa gələ bilməyib və ölkədən idxal olunan bir sıra mallara yeni rüsumlar tətbiq etməyə hazırlaşır.
1xeber.media xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Kanada ABŞ-la birgə hərəkət etmək imkanını əldən verib.
Məlumata görə, avqustun 22-dən Kanadanın bəzi məhsullarına 50 faizlik rüsum tətbiq olunacaq. Yeni tariflərə, xüsusilə pivə və pendir kimi məhsulların daxil olacağı bildirilir.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ-la danışıqlar prosesini “ədalətsiz və iqtisadi məntiqdən uzaq” adlandırıb. O, Kanadanın ABŞ-ın tarif siyasətinə cavab olaraq öz işçilərini və biznes sektorunu qorumaq üçün qarşılıqlı tədbirlər görəcəyini açıqlayıb.
Qeyd edək ki, son dövrlərdə Vaşinqtonla Ottava arasında ticarət münasibətlərində gərginlik artıb. ABŞ daha əvvəl Kanadanın Vinnipeq şəhərindəki diplomatik nümayəndəliyini bağlamağı, həmçinin bir sıra digər ölkələrdəki diplomatik missiyalarının fəaliyyətini dayandırmağı planlaşdırdığını açıqlamışdı.

















