
“Azərbaycan Xəzərin qərb sahilində yerləşsə də, Orta Asiya məkanı ilə çox sıx bağlıdır. Bu bağlılıq, ilk növbədə, tarixi və mədəni köklərə əsaslanır. Biz eyni mədəniyyətdən, eyni kökdən gələn xalqlarıq və Azərbaycanın Orta Asiya ilə sıx əlaqələrinin mühüm tarixi əsasları var. Təsadüfi deyil ki, Azərbaycan Orta Asiya Dövlət Başçıları Məşvərət Şurasına bərabərhüquqlu üzv kimi qəbul edilib. Bu, ölkəmizin region dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edib ki, orta Asiyada yerləşən beş dövlətin hər biri Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir:
“Bundan əvvəl Prezidentimizin Qırğızıstana səfəri baş tutmuşdu. Özbəkistandan sonra digər Orta Asiya dövlətlərinə də cənab Prezidentimizin səfərlərinin həyata keçirilməsi tamamilə gözləniləndir. Dünən Qazaxıstanda keçirilən parlament seçkiləri münasibətilə cənab Prezidentimizin Qazaxıstan liderini təbrik etməsi də göstərir ki, biz eyni amala xidmət edirik. Bu amal əməkdaşlıq, qardaşlıq və bir-birimizə qarşılıqlı dəstəkdir”.
Sonda o qeyd edib ki, harada qardaşlıq münasibətləri varsa, orada inkişaf üçün möhkəm zəmin yaranır:
“Bu, iqtisadi inkişafda, mədəni əlaqələrin genişlənməsində və xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsində özünü göstərir. Belə olan halda Türk dünyası və Orta Asiya məkanı bütün dünyaya sülhün, əmin-amanlığın və əməkdaşlığın necə formalaşdırılmasının gözəl nümunəsini nümayiş etdirir”.
Aysel Timur

















