1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 7-də Ukraynanın Çernomorsk limanında hərbi-texniki yüklər daşıdığı bildirilən “Mavka” quru yük gəmisinə zərbə endirildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, zərbə sentyabrın 6-da axşam saatlarında hücum PUA-ları ilə həyata keçirilib. Rusiya tərəfi gəmidə Ukrayna Silahlı Qüvvələri üçün hərbi-texniki əmlakın olduğunu iddia edib.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus patrul katerinin vurulduğunu bildirib. İddialara görə, kater hərbi yüklər daşıyan gəmilərin müşayiətində istifadə olunub.
Nazirlik həmçinin İzmail limanında hərbi yüklərin gəmilərdən boşaldılması üçün istifadə edildiyi bildirilən istehsal-yükləmə kompleksinə zərbə endirildiyini açıqlayıb.
Qeyd edək ki, məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və qarşı tərəfin müstəqil təsdiqi barədə məlumat verilməyib.

















