1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın yeni sülh planı çərçivəsində Ukraynaya Donbas və Zaporojye vilayətindən qoşunlarını çıxarmaq, həmçinin neytral və bloklara qoşulmayan statusunu rəsmiləşdirmək təklifinin verildiyi iddia olunur.
Məlumata görə, təklifin detalları Rusiya mediasına istinadla Ukraynanın “Glavkom.ua” nəşri tərəfindən yayılıb.
İddia olunan plana əsasən, Ukrayna yalnız NATO-ya üzvlükdən imtina etməklə kifayətlənməməli, digər hərbi ittifaqlarda iştirakına da konstitusion səviyyədə qadağa qoymalıdır.
Bundan başqa, Kiyevin Rusiya ərazilərinin statusunu güc yolu ilə dəyişdirməyə yönəlmiş hərəkətləri qadağan edən müddəanı Konstitusiyaya daxil etməsi, ölkədə seçkilərin keçirilməsi və BMT-də ratifikasiya olunacaq sülh sazişinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfər ediblər. Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən danışıqları “çox məzmunlu” adlandırıb.
















