1xeber.media xəbər verir ki, Fransa hökuməti Slovakiyanın rusiyalı milyarder Əlişer Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılması ilə bağlı müraciətinə dəstək verib.
Məlumata görə, Paris Usmanovun siyahıdan çıxarılmasını Slovakiyanın tələblərinin qarşılığında mümkün “siyasi kompromis” kimi təqdim edir. Lakin Fransanın bu mövqeyi bəzi Aİ ölkələrində ciddi narazılıq yaradıb.
Euronews-a danışan avropalı diplomat Fransanın qərarının iqtisadi maraqlardan qaynaqlana biləcəyini bildirib. Bununla yanaşı, Fransanın Aİ-dəki daimi nümayəndəliyinin sözçüsü Parisin sanksiyaların uzadılmasını dəstəklədiyini açıqlayıb, lakin müzakirələrin məxfi olduğunu əsas gətirərək Usmanovla bağlı məsələyə konkret münasibət bildirməyib.
Aİ-nin fərdi sanksiyaları uzadıb-uzatmamaq barədə qərarının sentyabrın 15-də verilməsi gözlənilir. Qərarın qəbul edilməsi üçün bütün üzv ölkələrin razılığı tələb olunur. Bu isə hər bir dövlətə sanksiyaların uzadılmasına veto qoymaq imkanı verir.
Qeyd edək ki, 2025-ci ildə Macarıstan da Əlişer Usmanovla yanaşı, Mixail Fridman və Dmitri Mazepinə qarşı sanksiyaların götürülməsini tələb etmişdi.
















