Milli Məclisin İnsan hüquqları komitəsinin keçirilən iclasında deputat Mircəlil Qasımlının süni intellekt və "ChatGPT" tətbiqi barədə səsləndirdiyi fikirlər mediada geniş rezonans doğurub.
1xeber.media xəbər verir ki,iclasda çıxış edən millət vəkili texnologiyanın üstünlüklərindən danışaraq, tətbiqin insan xarakterini analiz etmək imkanına malik olduğunu bildirib: ““ChatGPT” çox yaxşı şeydir, amma ondan düzgün istifadə etmək lazımdır. O, data bazadır. Gələcəkdə insanları tanıması üçün çox rahat vasitədir. Bir il ərzində ona nə sual vermisənsə, sənin necə insan olduğunu qoyur ortaya”.
Deputatın bu qeyri-adi çıxışına tanınmış jurnalist Emin Səfərovdan reaksiya gecikməyib. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda deputatın parlamentdəki fəaliyyətinə tənqidi yanaşaraq bunları qeyd edib:
"Gözünüz aydın! Deməli, Milli Məclisdə heç vaxt danışmayan Kəlbəcərin deputatı Mircəlil Qasımlı nəhayət, sükutu pozub. O, iki ildən sonra ilk dəfə parlamentdə danışaraq bu çıxışı edib: “ChatGPT” çox yaxşı şeydir”."
Qeyd edək ki, gənc deputatın süni intellekt barədəki bu yanaşması sosial media istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb

















