Son vaxtlar həkimlər arasında icbari tibbi sığorta tərəfindən müayinə və əməliyyatlara görə verilən ödənişlərin az olması ilə bağlı narazılıqlar yaranıb.
1xeber.media qafqazinfo-ya istinadla xəbər verir ki, onlar riskli və stresli əməliyyatlara görə çox az ödəniş almalarından şikayətlənirlər.
Bunlardan biri də Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimi Xəyal Aşurovdur. O, sosial şəbəkə hesabında qeyd edib ki, həkimlərə ödənilən məbləğ az olduğuna görə böyük bir risk altına girməyə dəymir. Həkim ironik olaraq icbari tibbi sığortanı məhkəməyə vermək istədiyini, buna görə çıxacağı hakim qarşısında özünü bu cür müdafiə edəcəyini bildirib: “Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib. Axtarıb araşdırmısınız ki, Xəyal bala bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma, məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək…
Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı?! Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stresdən ötrü anestezioloq 20 manat alacaq. 20 manatdan ötrü bu əziyyəti, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, necə olacaq bizim aqibətimiz?
İnsanlara icbari tibbi sığortanın həkimləri istismar etdiyini anlada bilmirik… İnsanlar deyir bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. O talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir…
Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür. Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğduğuna, həkim olmağına peşman edirlər… Bir dəfə gecə 11-də 9 aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım, bəlkə, səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. 9 aylıq 400 crp, 29 leykositlə, 40 qızdırma ilə. Təsəvvür edə bilirsiniz? Uşağı gecə 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi… İndi siz deyin, biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizimi görməliyik, rüşvətmi almalıyıq, rayondan gələn meyvəli-çolpalı “korobka”yamı göz dikməliyik, yoxsa ölkədənmi getməliyik?”
Həmçinin artıq bir neçə aydır vətəndaşlar özəl tibb müəssisələrinə əməliyyatla bağlı göndərişlərin verilməməsindən şikayətlənirlər. İddia olunur ki, əvvəllər özəl xəstəxanalara göndərişlər verilirdisə, artıq demək olar ki, sənədlər yalnız dövlət xəstəxanalarına verilir. Bu günlərdə tanınmış ürək cərrahı Üzeyir Rəhimov da özəl xəstəxanalarda icbari sığortanın olmamasından narazılıq etmişdi. Onun sözlərinə görə, özəl xəstəxanalara sığortahaqqı verilmir, nəticədə, vətəndaşların həkim seçmə haqqı əllərindən alınır, məcbur edilirlər ki, başqa dövlət xəstəxanasına getsinlər. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə orada ən böyük problem alqı-satqı, ləvazimat əskikliyidir, bu da çox ciddi defektdir.
Problemlə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, pasiyentlərə tibbi xidmətlərin göstərilməsi üçün dövlət tibb müəssisələrində lazımi şərait mövcuddur: “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na əsasən ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi göndəriş əsasında həyata keçirilir.
Qeyd edək ki, pasiyentlərə tibbi xidmətlərin göstərilməsi üçün dövlət tibb müəssisələrində lazımi şərait mövcuddur.
Pasiyentə qeydiyyatda olduğu inzibati ərazi vahidində və ya həmin tibbi ərazi bölməsində, yaxud digər tibbi ərazi bölməsində fəaliyyət göstərən dövlət tibb müəssisəsində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı hallarda onlara Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən özəl tibb müəssisəsinə göndəriş verilir və bu sahədə hər hansı məhdudiyyət yoxdur”.















