Ələtdə torpaq sahələrinin qiyməti son illərdə ərazinin strateji əhəmiyyətinin artması fonunda yüksəlir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və əsas nəqliyyat dəhlizlərinə yaxınlıq torpağa tələbatı artıran əsas amillər sırasında göstərilir. Ərazidə infrastruktur layihələrinin genişlənməsi və biznes aktivliyinin artması fonunda torpaq qiymətlərinin gələcəkdə necə dəyişəcəyi də maraq doğurur.
Bəs Ələtdə torpağın bahalaşmasının əsas səbəbi nədir və bu ərazilərdə qiymət artımı davam edə bilərmi?
1xeber.media xəbər verir ki,Demokrat.az-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əmlak bazarı tələb və təklif prinsipi ilə işləyir.
Onun sözlərinə görə, tələb çox olduqda qiymətlər yuxarı qalxır, təklif çox olduqda isə satıcılar arasında yaranan rəqabət nəticəsində qiymətlər aşağı düşür:
"Ələt qəsəbəsində Azad İqtisadi Zonasının yaradılması məhz torpaqların qiymətlərinin yuxarı qalxmasına səbəb olub. Belə ki, burada dəniz limanının açılması, təyyarə meydançasının yaradılması və logistikanın, yəni yerüstü daşımaların planlaşdırılması Ələt qəsəbəsinə olan marağı daha da artırıb. Əvvəllər bu əraziyə çox maraq göstərilməsə də, Azad İqtisadi Zonasının yaradılmasından sonra istər xarici və yerli investorların, istərsə də həmin zonaya yaxın yaşamaq istəyən vətəndaşların marağı artıb. Bununla yanaşı, Azad İqtisadi Zonasında gələcəkdə daha çox iş yerinin yaradılması və iş imkanlarının artması yerli vətəndaşların da diqqətini cəlb edir. Həmin zonaya yaxın ərazilərdə yaşamaq və orada işlə təmin olunmaq imkanının yaranması ev və torpaq almaq istəyənlərin sayını artırır. Vətəndaşlar torpaq alaraq ev tikməyə, ticarətlə məşğul olmağa və ya hər hansı biznes fəaliyyəti göstərməyə maraq göstərirlər. Ələt Azad İqtisadi Zonasının yaranması istər xarici, istər yerli investorların diqqət mərkəzindədir. Bu səbəbdən də Ələt qəsəbəsində torpaqların qiymətlərində yüksəliş baş verib".
Ekspert əlavə edib ki, ərazidə zavodlar, fabriklər və istehsal müəssisələrinin fəaliyyət göstərməsi də torpağa marağı artıracaq:
"Bu fəaliyyət nəticəsində həmin sexlərdə, zavodlarda və fabriklərdə işləmək üçün işçi qüvvəsinə tələbatın artacağı gözlənilir. Bu da xüsusən yerli vətəndaşların diqqət mərkəzindədir. Burada yaxın yaşamaqla həmin iqtisadi zonada işlə təmin olunmaq imkanının olması insanları bu ərazilərdə torpaq almağa və gələcəkdə ev tikməyə sövq edir.
Məhz bu nöqteyi-nəzərdən istər iş adamları, istər yerli və xarici investorlar, istərsə də sadə vətəndaşlar burada torpaq almağa, gələcəkdə ev tikməyə, ticarətlə məşğul olmağa və ya hər hansı biznes fəaliyyəti göstərməyə olduqca maraqlıdırlar. Bu artan tələbatın nəticəsində isə qiymətlərin yuxarı qalxması qaçılmaz olur. Ələt qəsəbəsində dəniz limanı, magistral və hava limanları yer alacaq. Ərazidə Azad İqtisadi Zona çərçivəsində fabriklər, zavodlar və istehsal müəssisələri fəaliyyət göstərəcək. Bu baxımdan hesab edirəm ki, əraziyə tələbat daha da artacaq və Ələt yerli və xarici investorların diqqət mərkəzində qalacaq".















