1xeber.media xəbər verir ki, Hindistan Rusiya-Ukrayna münaqişəsində atəşkəsin təmin edilməsi üçün üçmaddəli plan irəli sürüb.
“Hindustan Times”ın mənbələrinə istinadən yaydığı məlumata görə, planın əsas məqsədi enerji və ərzaq tədarükünün fasiləsizliyini təmin etməkdir.
Təklifə enerji obyektləri və digər mühüm infrastruktura hücumların dayandırılması, taxıl və enerji daşıyıcılarının Qara dəniz limanları vasitəsilə maneəsiz daşınmasının təmin edilməsi, həmçinin bu strateji akvatoriyada kommersiya gəmilərinə zərbələrin endirilməsindən imtina daxildir.
Məlumata görə, Hindistanın təklifləri sentyabr ayında ölkənin xarici işlər naziri Subrahmanyam Cayşankarın Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyinə çatdırılıb.
Qəzetin mənbələri bildiriblər ki, Hindistanın planı Misir, Türkiyə və ABŞ-ın əvvəlki təşəbbüslərindən daha genişdir. Çünki təklif həm kritik infrastruktura, həm də Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyinə dair müddəaları əhatə edir.















