Son dövrlər dövlət qurumlarında struktur dəyişiklikləri və bəzi idarəetmə mexanizmlərinin yenilənməsi ilə bağlı qərarlar diqqət çəkir. Belə dəyişikliklərin əsas məqsədi dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, qurumlar arasında funksiyaların dəqiqləşdirilməsi və təkrarlanan səlahiyyətlərin aradan qaldırılması kimi izah olunur. Bəs struktur dəyişiklikləri dövlət idarəçiliyinin effektivliyinə real olaraq necə təsir edəcək?
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov Musavat.com-a deyib ki, dövlət qurumlarında struktur dəyişikliklərinin aparılması öz-özlüyündə idarəetmənin səmərəliliyinin artacağı anlamına gəlmir: “Əsas məsələ strukturun dəyişdirilməsindən sonra qərarların qəbulunun sürətlənməsi, funksiyaların dəqiq bölüşdürülməsi, dövlət xərclərinin optimallaşdırılması və vətəndaş üçün xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Əgər iki və ya daha çox qurum eyni və ya oxşar funksiyanı yerinə yetirirsə, bu, həm dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə, həm də qərarların qəbulunda ləngimələrə səbəb olur. Belə təkrarlanan funksiyaların aradan qaldırılması vacibdir. Amma bunun üçün sadəcə iki qurumu birləşdirmək və ya bir qurumun adını dəyişmək kifayət deyil. Səlahiyyət və məsuliyyət dəqiq müəyyən edilməli, hansı funksiyanın hansı quruma aid olduğu aydın şəkildə təsbit olunmalıdır”.
Ekspert qeyd edib ki, hazırda diqqət çəkən əsas məsələlərdən biri idarəetmədə mərkəzləşmənin həddindən artıq artmasıdır:
“Mərkəzləşdirdikcə mərkəzləşdirdik və nəticədə iqtisadiyyatın çevikliyini zəiflətdik. Dövlət idarəçiliyində ifrat mərkəzləşmə qərarların aşağı idarəetmə səviyyələrində qəbul edilməsini məhdudlaşdırır, yerli təşəbbüsü zəiflədir, bürokratik prosedurları artırır və bütün qərarların yuxarı səviyyələrdə cəmləşməsinə gətirib çıxarır.
Mərkəzin bütün məsələləri özü həll etməyə çalışması idarəetməni gücləndirmir. Yerli səviyyədə həll edilə biləcək məsələlərin də mərkəzi qurumlara daşınması qərarların qəbulunu ləngidir, sahibkarın və vətəndaşın vaxt itkisini artırır. İqtisadiyyat isə sürət və çeviklik tələb edir. Sahibkar bazardakı dəyişikliklərə tez reaksiya verməlidir, region öz iqtisadi xüsusiyyətlərinə uyğun qərarlar qəbul edə bilməlidir.
Dünyanın iqtisadi baxımdan inkişaf etmiş bir sıra ölkələrində səlahiyyətlərin müəyyən hissəsi regionlara və yerli idarəetmə səviyyələrinə verilib. Almaniyada federal torpaqların, İsveçrədə kantonların, ABŞ-də ştatların, Kanadada əyalətlərin geniş iqtisadi və inzibati səlahiyyətləri mövcuddur. Mərkəzi hakimiyyət strateji siyasəti müəyyən edir, yerli səviyyələr isə öz ərazilərinin xüsusiyyətlərinə uyğun qərarlar qəbul edə bilirlər. Bu yanaşma rəqabət, təşəbbüs və çevik qərarvermə üçün daha geniş imkan yaradır”.
Asif İbrahimovun sözlərinə görə, ifrat mərkəzləşmənin digər nəticəsi çoxsaylı və bir-birini təkrarlayan dövlət qurumlarının yaranmasıdır:
“Eyni və ya yaxın funksiyanı həyata keçirən qurumlar çoxaldıqca dövlət aparatının saxlanılması üçün xərclər artır, məsuliyyət isə parçalanır. Bir qərarın qəbul edilməsi üçün bir neçə qurumun razılığı tələb olunursa, burada artıq idarəetmənin effektivliyi ilə bağlı ciddi sual yaranır”.
Ekspert struktur dəyişikliyinin yalnız ixtisar və ştatların azaldılması kimi başa düşülməsinin də doğru olmadığını vurğulayıb:
“Struktur islahatının əsas məqsədi insanları işdən çıxarmaq yox, dövlət idarəçiliyində funksional səmərəliliyi artırmaq olmalıdır. Eyni funksiyanı üç qurum yerinə yetirirsə, üç ayrı aparat saxlamaq əvəzinə həmin funksiyanı daha az resursla və daha yüksək nəticə ilə həyata keçirmək lazımdır.
Məsələ yalnız dövlət qurumlarının sayında da deyil. Dövlət sektorunun əmək bazarında həddindən artıq böyük paya malik olması iqtisadiyyat üçün ayrıca risk yaradır. Aktiv əmək qabiliyyətli əhalinin 55 faizinin dövlət qurumlarında və ya dövlət tərəfindən maliyyələşdirilən təşkilatlarda çalışması kimi yüksək göstərici varsa, bu, əmək bazarının strukturuna ciddi şəkildə baxmağı tələb edir. Belə vəziyyətdə universiteti bitirən gəncin əsas karyera istiqaməti kimi dövlət qurumuna üz tutması təsadüfi olmur. Çünki özəl sektor kifayət qədər geniş və cəlbedici alternativlər yaratmırsa, dövlət əsas işəgötürənə çevrilir”.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu, iqtisadiyyat üçün arzuolunan model deyil:
“Güclü iqtisadiyyatın əsas dayaqlarından biri geniş və rəqabətli özəl sektordur. Gənclər dövlət qulluğuna qəbul olmaq üçün deyil, müxtəlif sahələrdə biznes qurmaq, özəl şirkətlərdə işləmək, innovasiya yaratmaq və yeni iş yerləri formalaşdırmaq üçün də real imkanlar görməlidirlər”.
İqtisadçı hesab edir ki, əsas risk struktur dəyişikliklərinin formal xarakter daşımasıdır. Qurumun adı, tabeliyi və ya struktur bölmələrinin sayı dəyişir, amma eyni proseslər, eyni bürokratik prosedurlar və eyni qərarvermə mexanizmi qalırsa, idarəetmənin effektivliyində ciddi dəyişiklik baş vermir. Hətta keçid dövründə əlavə inzibati xərclər və funksional qarışıqlıq yarana bilər.
“Ona görə də struktur islahatlarının nəticəsi konkret göstəricilərlə ölçülməlidir. Qərarların qəbul müddəti nə qədər azalıb? Dövlət xidmətlərinin göstərilmə müddəti nə qədər qısalıb? İnzibati xərclər nə qədər optimallaşdırılıb? Eyni funksiyanı yerinə yetirən qurumların sayı nə qədər azalıb? Vətəndaş müraciətlərinin həlli sürətlənibmi? Biznes üçün prosedurlar sadələşibmi? Özəl sektorda yeni iş yerlərinin yaranması üçün şərait yaxşılaşıbmı?
Digər vacib məsələ insan resurslarından səmərəli istifadədir. Struktur dəyişikliyinin məqsədi yalnız ştat vahidlərinin azaldılması olmamalıdır. Peşəkar kadrların qorunması, funksiyaların düzgün bölüşdürülməsi və əmək məhsuldarlığının artırılması daha vacibdir. Bir işçinin üzərinə həddindən artıq funksiya yüklənməsi də, eyni işi bir neçə strukturun görməsi də idarəetmənin keyfiyyətini aşağı salır”.
Asif İbrahimov bildirib ki, dövlət aparatının böyüməsi iqtisadiyyatın böyüməsi demək deyil:
“Güclü iqtisadiyyat üçün dövlət idarəçiliyi yığcam, çevik və nəticəyönümlü olmalıdır. Dövlət strateji istiqamətləri müəyyən etməli, qaydaları formalaşdırmalı və nəzarəti həyata keçirməlidir. Sahibkarın, investorun və yerli idarəetmənin operativ qərar verə biləcəyi məsələlər isə mümkün qədər həmin səviyyədə həll olunmalıdır.
İdarəetmədə proses yanaşmasına uyğunlaşdırmaq lazımdır. Hansısa məsələni həll edə bilməyəndə agentlik və ya komitə yaratmaq lazım deyil. Daha az bürokratiya, daha sürətli qərar, daha aydın məsuliyyət, daha güclü özəl sektor və daha çox iqtisadi təşəbbüs əsas hədəf olmalıdır. Dövlətin iqtisadiyyatda çəkisi azaldıqca, özəl sektorun və rəqabətli əmək bazarının imkanları genişlənməlidir.
İdarəetmənin məqsədi daha çox qurum yaratmaq yox, daha az resursla daha çox nəticə əldə etməkdir. Struktur islahatlarının uğuru qurumların sayının və adının dəyişməsi ilə deyil, iqtisadiyyata və vətəndaşa yaratdığı real nəticə ilə ölçülməlidir”.















