1xeber.media xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna NATO-nun mümkün hərbi münaqişə zamanı Rusiyanın Baltik dənizinə çıxışını qısa müddətdə məhdudlaşdıra biləcəyini bildirib.
Tsaxkna bu barədə “The Times” qəzetinə açıqlamasında danışıb. Onun sözlərinə görə, belə bir ssenarinin reallaşması Rusiyanın Kalininqrad vilayəti ilə dəniz əlaqəsinin kəsilməsinə və Rusiya Baltik Donanmasının Sankt-Peterburq ətrafında məhdudlaşdırılmasına səbəb ola bilər.
Estoniya rəsmisi qeyd edib ki, sözügedən imkan yalnız hərbi münaqişənin başlaması halında nəzərdən keçirilə bilər. Eyni zamanda Tsaxkna hazırda belə bir münaqişənin baş verəcəyinə dair hər hansı əlamətin olmadığını vurğulayıb.
Onun sözlərinə görə, NATO ölkələrinin Baltik dənizindəki mövqeyi Rusiyanın bölgədəki dəniz fəaliyyətinə ciddi təsir göstərə bilər. Estoniya, Latviya, Litva, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə ittifaqın Baltik dənizindəki coğrafi mövqeyi də dəyişib.
Rusiya tərəfi isə son dövrlərdə Baltikyanı ölkələrin hərbi ritorikasının artmasını tənqid edir. Moskva Baltik regionunda NATO-nun hərbi imkanlarının genişləndirilməsini Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Estoniya və digər NATO ölkələri isə öz addımlarını regional təhlükəsizliyin gücləndirilməsi ilə əsaslandırırlar.















