1xeber.media xəbər verir ki, Cənubi Koreya və Misir ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər.
Bu barədə Cənubi Koreya Prezidenti Li Ce Myonq Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Seulda keçirilən görüş zamanı açıqlama verib. Tərəflər gəmiqayırma, təmiz enerji, elektrik infrastrukturu və texnologiya sahələrində bir sıra anlaşma memorandumları imzalayıblar.
Liderlər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə də razılığa gəliblər. Cənubi Koreya və Misirin birgə K9 özüyeriyən haubitsaların istehsalı layihəsi iki ölkə arasında hərbi-texniki əməkdaşlığın nümunələrindən biri kimi qeyd olunub.
Li Ce Myonq həmçinin Cənubi Koreya ilə Misir arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlanmasına ümid etdiyini bildirib. Tərəflər bununla yanaşı, enerji, infrastruktur və texnologiya sahələrində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.















