1xeber.media 1BUSİNESS.MEDIA-nın instagram səhifəsinə istinadən xəbər verir ki, Azərbaycanda idxal və yerli istehsal olunan oyuncaqlara yeni təhlükəsizlik tələbləri müəyyənləşdirilib. Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli qərarı ilə təsdiqlənən yeni reqlament 6 aydan sonra qüvvəyə minəcək.
Yeni qaydalar 14 yaşadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara aiddir. Reqlament qüvvəyə minənədək idxal və istehsal edilmiş, dövriyyəyə buraxılmış, eləcə də artıq istifadə olunan oyuncaqlara şamil edilməyəcək.
3 yaşadək uşaqların oyuncaqlarına məhdudiyyət
Bu yaş qrupu üçün nəzərdə tutulan oyuncaqlarda təbii xəz, təbii dəri, şüşə, çini və bəzi xovlu materiallardan istifadə edilməyəcək. Oyuncaqların hazırlanmasında istifadə olunan materiallar təmiz və infeksiyaya yoluxmamış olmalıdır.
Kimyəvi maddələrə nəzarət gücləndirilir
Oyuncaqlarda qurğuşun, civə, kadmium, arsen və digər təhlükəli maddələrin miqdarına limit qoyulur. Təkrar emal olunmuş xammaldan istifadə də qadağan edilir. Oyuncaqların örtükləri nəmə, ağız suyuna və tərə davamlı olmalıdır.
Lazer və yüksək səsə məhdudiyyət
Oyuncaqlarda lazer sistemlərindən istifadəyə icazə verilməyəcək. Elektrikli oyuncaqların nominal gərginliyi 24 voltdan çox ola bilməz. Səsli oyuncaqlar üçün də yaş qruplarına uyğun maksimum səs səviyyələri müəyyən edilir.
Oyuncaqlar sertifikatlaşdırılacaq
Məhsullar satışa çıxarılmazdan əvvəl uyğunluq qiymətləndirilməsindən keçməlidir. Etiketlərdə oyuncağın adı, modeli, istehsalçı və idxalçı barədə məlumatlar, yaş həddi, istehsal tarixi və istifadə qaydaları göstərilməlidir. İdxal olunan məhsullar üzrə məlumatlar Azərbaycan dilində təqdim olunmalıdır.















