1xeber.media 1BUSİNESS.MEDIA-nın instagram səhifəsinə istinadən xəbər verir ki, ABŞ sakini Cek Piradin Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyərinin 1 milyon dollara çata biləcəyi bildirilir.
Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikdə “Crater of Diamonds” dövlət parkında axtarış aparıb. Bu ərazidə 1972-ci ildən indiyədək 37 mindən çox almaz aşkarlanıb.
Piradin tapıntı anını “TikTok” platformasında canlı yayımlayıb. Çınqılları ələkdən keçirərkən vedrədəki daşların arasından almazın üzləri görünüb.
Tapılan daş parkda 2026-cı ildə aşkarlanan ən böyük almazdır. Kolleksiyaçılar onun dəyərini 1 milyon dollar civarında qiymətləndiriblər. Lakin Litl-Rok şəhərindən olan qiymətləndirici Laura Stenli daşın keyfiyyətini nəzərə alaraq onun təxminən 250 min dollar dəyərində ola biləcəyini bildirib.
“Crater of Diamonds” parkına giriş haqqı 15 dollardır. Ziyarətçilərə 18 litrlik vedrəni süxurla dolduraraq tapdıqları daşları özlərində saxlamağa icazə verilir.
ABŞ tarixində tapılan ən böyük almaz da bu parkda aşkarlanıb. 1924-cü ildə tapılan “Sem dayı” adlı daşın çəkisi 40,23 karat olub.
Cek Piradin almazı satdıqdan sonra əldə ediləcək gəliri dostu Maykl Şumaxerlə bölüşməyi və kristal hasilatı üzrə öz mədənini açmağı planlaşdırır.















