Azərbaycanda qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin adından sui-istifadə edərək qanunsuz yollarla qazanc əldə etmək cəhdləri növbəti dəfə hüquq-mühafizə orqanlarının radarına düşüb.
1xeber.media bildirir ki, bu günlərdə ölkə mediasının gündəmini zəbt edən əsas fiqurlardan biri — “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin təsisçisi və sədri Elvin Mahmudzadədir. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində yenidən qandallanan bu şəxsin dosyesi kifayət qədər qaranlıq məqamlarla zəngindir.
Bəs cəmiyyətdə vətənpərvərlik ideyalarını təbliğ etməli olan bir təşkilatın rəhbəri necə oldu ki, ağır cinayətlərin icraçısına çevrildi?
Kağız üzərindəki xeyriyyəçi, reallıqda isə...
Rəsmi qeydiyyata malik olan “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin nizamnamə məqsədləri olduqca alidir: ölkədə vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə mənəvi, sosial dəstəyin göstərilməsi. Lakin aparılan araşdırmalar göstərir ki, təşkilatın fəaliyyəti bu ali məqsədlərdən tamamilə uzaq olub. Elvin Mahmudzadə və komandası bu addan cəmiyyətin həssas təbəqəsinə kömək etmək üçün deyil, şəxsi maraqları və qanunsuz pul yığımları üçün istifadə edib.
2023-cü ilin ilk siqnalı: Qazilərin pullarını mənimsəyən sədr
Elvin Mahmudzadənin adı hüquq-mühafizə orqanlarına heç də yad deyil. Onun ilk səs-küylü həbsi 2023-cü ilə təsadüf edir. Həmin vaxt bir neçə Vətən müharibəsi qazisinin şikayəti əsasında araşdırma başladılmışdı. Məlum olmuşdu ki, birlik sədri qazilərə yardım adı altında toplanan və ya onlara aid olan külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəyib. E. Mahmudzadə qazilər üçün ayrılmış 72 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.
Həmin dövrdə ona qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülmüş və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra o zərərçəkənlərə dəyən ziyanı ödəməklə azadlığa buraxılmışdı.
2026-cı il: Dələduzluqdan hədə-qorxu ilə tələb etməyə keçid
Ötən gün isə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan çoxsaylı şikayətlər onun və birliyin məsul əməkdaşı Səbuhi Məmmədovun növbəti cinayət şəbəkəsini ifşa etdi.
Bu dəfə ittihamlar daha ağırdır. Araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri vətəndaşları müxtəlif yollarla təhdid edərək onlardan pul qoparıblar. Hazırda Elvin Mahmudzadə və ortağına qarşı Cinayət Məcəlləsinin iki ağır maddəsi ilə cinayət işi açılıb:
Maddə 182.2.4 – Hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə;
Maddə 178 – Dələduzluq.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində yenidən 4 aylıq həbs qətimkan tədbiri seçilib və hazırda istintaq hərəkətləri davam etdirilir.
yeni sabah
















