1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində mümkün namizədlərdən biri olan Marin Le Penlə bağlı suala zarafatla cavab verib.
Financial Times qəzetinin jurnalistləri Ben Holl və Alek Rassel Zelenskidən Le Penin Ukraynaya yardımı dayandırmaq mövqeyini necə dəyişməyə çalışacağını soruşublar.
Ukrayna lideri suala qısa cavab verib: “Mən ona səs verməyəcəyəm”. O, bu fikrini Ukrayna vətəndaşı olması ilə əlaqələndirib.
Qeyd edək ki, Marin Le Pen daha əvvəl prezident seçiləcəyi təqdirdə Fransanın Ukraynaya yardımını dayandırmaq niyyətində olduğunu bildirib. O, həmçinin Fransanın artıq Kiyevə maliyyə yardımı ayırmaq imkanlarının məhdudlaşdığını iddia edib.
Fransada növbəti prezident seçkilərinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulur. Le Penin Ukrayna ilə bağlı mövqeyi isə seçkiöncəsi siyasi müzakirələrin diqqət çəkən mövzularından biridir.













