1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Fransanın sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penin Ukraynaya maliyyə yardımının dayandırılması ilə bağlı vədinə münasibət bildirib.
“Financial Times” qəzetinin məlumatına görə, Zelenski Fransanın da bu əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın döyüş təcrübəsi Fransa müdafiə sənayesi üçün əhəmiyyət daşıyır.
“Bu, qarşılıqlı faydalıdır”, – deyə Ukrayna lideri bildirib.
Oktyabrın 14-də Marin Le Pen gələn il keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Fransanın Avropa İttifaqı xətti ilə Ukraynaya maliyyə dəstəyini davam etdirib-etdirməyəcəyini şübhə altına alıb.
Le Penin sözlərinə görə, Fransa Ukraynaya dəstək üçün böyük məbləğdə vəsait xərcləyir. O, ölkənin maliyyə resurslarının bu istiqamətdə istifadəsinə yenidən baxılmasının tərəfdarıdır.
Zelenskinin açıqlaması Parislə Kiyev arasında müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkir. Ukrayna tərəfi hesab edir ki, müharibə zamanı əldə edilmiş təcrübə Fransa müdafiə şirkətləri üçün də faydalı ola bilər.
Marin Le Penin mövqeyi isə Fransanın Ukraynaya maliyyə yardımının gələcək taleyinin ölkədəki siyasi dəyişikliklərdən asılı ola biləcəyini göstərir.














