30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz
qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə
məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin “Aprel dərsi”ndən düzgün
nəticə çıxarmağı xatırlatmışdı. O bildirmişdi ki: “Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü
bərpa edəcəyik!”
2020-ci ildə 44 günlük Vətən müharibəsində həmin şərəfli günün şahidinə çevrildik.
Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz sahiblərinə qayitdı. İşğala məruz qalan qədim
yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin
nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi
Füzuli rayonudur.
Dünya üçün maraqlı görünən Azıx mağarası insanlara uzun müddət vahiməli, əjdahaların və
digər sehrli canlıların yaşadığı yer kimi görünüb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar
təsdiqləmişdi ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir. Füzulidə Əcəmi memarlıq məktəbinin
təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685
çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20
kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz
və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən
çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş,
girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə dünyaya
gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.
Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Öndər Heydər Əliyevin
bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi, sonradan isə Lələtəpə yüksəkliyi,
Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edildi, daha sonra 44 günlük Vətən müharibəsində şanlı qələbə
qazanıldı.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva işğaldan azad olunan Füzuli rayonunda olublar. Prezident tərəfindən əvvəlcə Füzuli
şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun
təməli qoyuldu.
Ölkə rəhbərinin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-
Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub. Prezident “Füzuli”
yarımstansiyasının açılışını edib və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17
oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Iki il əvvəl ilk dəfə bu əlamərdar günü fizulilər öz
doğma yurdlarında qeyd ediblər.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox keçməz ki, bu diyarımız cənnət
məkana çevrilər. Artıq ölkəmizin müxtəlif yerlərində məskunlaşmış məcburu köçkünlərin Füzuliyə
qayıdışına başlanılıb. Ötən il sentyabr ayında işğaldan azad edilmiş Füzulinin Mirzə Uluqbəy adına 1
nömrəli tam orta məktəbində 31 ildən sonra 8 nəfər XI sinif şagirdi üçün “Son zəng” keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq
Qaraxanbəyli kəndinin təməlini qoyub. Yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış
Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Gələn il yekunlaşdırılması nəzərdə
tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin,
ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ
isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin
köçürülməsi nəzərdə tutulur.
Bu il keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş zamanı
isə Prezident İlham Əliyev görüşün yekunlarına dair bəyanatında bildirib ki, Füzulidə Türkmənistanın
hədiyyəsi olan məscid tikiləcək.
“Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin
tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə
baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq”, –
deyə dövlət başçısı əlavə edib.
Fikrət Rəsulov,
Sabirabad rayon Baytarlıq idarəsinin rəisi













