Ölkələrin dövlət borcu qlobal iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ-də borcun rekord həddə yüksəlməsi, Yaponiyada dövlət borcunun iqtisadiyyatın həcmini dəfələrlə üstələməsi dövlətlərin maliyyə dayanıqlılığı ilə bağlı suallar yaradır.
Bəs dövlətlər kimlərə borcludur, borclarını hansı mənbələr hesabına qaytarırlar?
1xeber.media sfera.az-a istinadla xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin aprel ayında açıqladığı “Fiscal Monitor” hesabatına əsasən, qlobal dövlət borcu 2025-ci ildə dünya ÜDM-nin təxminən 94 faizinə çatıb.
Fondun proqnozuna görə, mövcud tendensiya davam edərsə, bu göstərici 2029-cu ildə 100 faizə yüksələ bilər.
Ümumiyyətlə, dövlət borcu dedikdə yalnız başqa ölkələrdən alınan kreditlər nəzərdə tutulmur. Hökumətlər həm ölkə daxilindən, həm də xarici mənbələrdən vəsait cəlb edə bilərlər.
Daxili borclanma zamanı dövlət istiqrazlar buraxaraq yerli banklardan, investorlardan, maliyyə qurumlarından və digər alıcılardan vəsait əldə edir. Xarici borclanma isə beynəlxalq maliyyə institutlarından, xarici banklardan, başqa dövlətlərdən və beynəlxalq maliyyə bazarlarında istiqraz alan investorlardan cəlb olunan vəsaitləri əhatə edir.
Məsələn, dövlət istiqrazını alan xarici investor həmin ölkənin dövlətinə kreditor olur. Eyni istiqrazı yerli bank aldıqda isə dövlətin daxili borcu yaranır.
ABŞ, Yaponiya və Çin kimi böyük iqtisadiyyatlarda borcun strukturu fərqlənir. ABŞ dövlət istiqrazları vasitəsilə həm yerli, həm də xarici investorlardan vəsait cəlb edir. Yaponiyada dövlət borcunun mühüm hissəsi daxili investorların əlindədir. Çində isə mərkəzi hökumətlə yanaşı, yerli idarəetmə strukturlarının və dövlətlə əlaqəli qurumların borclanması da maliyyə mənzərəsində rol oynayır.
Bəs dövlətlər borclarını necə qaytarırlar?
Hökumətlər borclarını əsasən vergilərdən, gömrük rüsumlarından, dövlət müəssisələrindən əldə olunan gəlirlərdən və digər büdcə daxilolmalarından ödəyirlər. Təbii sərvətlərin satışından əldə olunan gəlirlər də bəzi ölkələrdə borc öhdəliklərinin maliyyələşdirilməsində mühüm rol oynayır. Bununla yanaşı, borcun qaytarılması həmişə onun birdəfəlik tam bağlanması demək deyil. Dövlətin buraxdığı istiqrazın müddəti başa çatdıqda hökumət yeni istiqrazlar buraxaraq köhnə borcu yenidən maliyyələşdirə bilər. Bu halda borc yeni müddətə keçirilir və dövlət faiz ödənişlərini davam etdirir.
Borcun iqtisadiyyat üçün risk yaratması onun məbləğindən əlavə, dövlətin gəlirləri və borca xidmət xərcləri arasındakı nisbətdən asılıdır. İqtisadi artımın zəifləməsi, yüksək faizlər və büdcə kəsirinin uzun müddət davam etməsi borcun idarə edilməsini çətinləşdirə bilər.
Azərbaycanın dövlət borcu nə qədərdir?
Azərbaycanın dövlət borcu ilə bağlı ən son təsdiqlənmiş illik göstəricilər 2025-ci ilin yekunlarına aiddir. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyində göstərilir ki, 1 yanvar 2026-cı il tarixinə ölkənin daxili və xarici dövlət borcunun ümumi məbləği 25 milyard 987,5 milyon manat təşkil edib. Bu, 2025-ci il üzrə ÜDM-in 20,1 faizinə bərabərdir. Hesablama Palatasının məlumatına əsasən, dövlət borcu 2024-cü ilin sonu ilə müqayisədə 1 milyard 392,7 milyon manat və ya 5,1 faiz azalıb. Həmin tarixə xarici dövlət borcu 8 milyard 183 milyon manat, daxili dövlət borcu isə 17 milyard 804,5 milyon manat olub. Xarici borc ÜDM-in 6,3 faizinə, daxili borc isə 13,8 faizinə bərabərdir.
Müqayisə göstərir ki, BVF-nin eyni il üçün qiymətləndirməsində Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti sadalanan qonşu ölkələrdən aşağıdır. Lakin bu göstərici təkbaşına ölkənin iqtisadi vəziyyəti barədə tam nəticə çıxarmağa imkan vermir. Borcun valyuta strukturu, faiz xərcləri, ödəniş müddətləri, büdcə gəlirləri və dövlətin maliyyə ehtiyatları da nəzərə alınmalıdır.















