Azərbaycanlı gənc futbolçu Eynur Bağırzadə karyerasını İspaniyada davam etdirəcək.
1xeber.media xəbər verir ki, 17 yaşlı cinah yarımmüdafiəçisi İspaniyanın məşhur “Real Mursiya” klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
8 yaşından futbolla məşğul olan Eynur Bağırzadə ilk olaraq “Qarabağ”ın futbol akademiyasında məşqçi Elnur Əliyevin rəhbərliyi altında çıxış edib. Daha sonra “Vətən” Futbol Məktəbinə keçib.
İstedadlı futbolçu 2023-cü ildə Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) xətti ilə İspaniyanın nüfuzlu “Marcet” akademiyasına yollanıb. O, “Real Mursiya” ilə müqavilə imzalayanadək həmin akademiyada futbol təhsilini davam etdirib.
Eynur Bağırzadə yeni klubunda daha bir azərbaycanlı futbolçu – bu ilin iyununda “Real Mursiya”ya transfer olunan Səid Aslanovla komanda yoldaşı olacaq.
Qeyd edək ki, İspaniyanın köklü futbol klublarından biri olan “Real Mursiya” ölkənin futbol liqası sistemində üçüncü pillə hesab edilən “Primera Federación”un II qrupunda mübarizə aparır.
















