1xeber.media xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever hökumətdə yaranan büdcə böhranı səbəbindən istefa vermək qərarına gələ bilər.
“De Standaard” nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, De Veverin bazar ertəsi Kral Filip ilə görüşü gözlənilir. Onun bu görüşdə istefa ərizəsini təqdim edib-etməyəcəyi hələ məlum deyil.
Böhrana səbəb 2029-cu ilədək 10 milyard avro vəsaitin ayrılması ilə bağlı büdcə razılaşmasının əldə olunmamasıdır. Nazirlər Şurasının dar tərkibdə keçirilən iclası bazar günündən bazar ertəsinə keçən gecə nəticəsiz başa çatıb.
Nəşr ölkənin federal hökumətinin dərin böhranla üzləşdiyini yazır. Baş nazirin müavinlərindən biri De Veverin kralla görüşəcəyini təsdiqləyərək, bunun koalisiya tərəfdaşlarına son razılaşma cəhdi üçün təkan verəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, bazar ertəsi və çərşənbə axşamı razılıq əldə olunmasa, ölkəni ciddi siyasi böhran gözləyə bilər.
















