Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Kiyev vilayətinin Petropavlovskaya Borşaqovka qəsəbəsində baş verən işgəncə iddiaları ilə bağlı açıqlama verib. O, hadisənin təşkilatçılarının müəyyən edilərək cəzalandırılacağını bildirib.
1xeber.media xəbər verir ki, Budanov bu barədə Telegram kanalında yazıb.
Onun sözlərinə görə, noyabrın 2-də Petropavlovskaya Borşaqovkada baş verən hadisələrin təsadüfi olmadığı artıq məlumdur. Budanov konkret şəxslərin və təşkilatçıların müəyyən ediləcəyini, onların məsuliyyətə cəlb olunacağını qeyd edib.
Ukrayna rəsmisi təhlükəsizlik strukturları daxilində də müvafiq nəticələrin çıxarılacağını bildirib. Onun açıqlamasına görə, Baş Prokurorluq hadisənin araşdırılmasına başlayıb. Budanov heç kimin səlahiyyətlərindən sui-istifadə etmək hüququ olmadığını vurğulayıb.
Qeyd edək ki, noyabrın 2-də jurnalistlər Kiyev vilayətinin Petropavlovskaya Borşaqovka qəsəbəsində hərbi hissələrdən qaçan ukraynalı hərbçilərin saxlanıldığı iddia edilən gizli həbsxana barədə məlumat yayıblar. Daha sonra Ukrayna Silahlı Qüvvələrinin “Azov” briqadası binanın onlara məxsus olduğunu açıqlayaraq, buranın müvəqqəti dislokasiya məntəqəsi olduğunu bildirib.
Hadisədən sonra Kiyevdə narazı sakinlər binanın qarşısına toplaşaraq saxlanılanların azad edilməsini tələb ediblər. Polis və Milli Qvardiya əməkdaşlarının etirazçılara müdaxiləsindən sonra qarşıdurma baş verib. Bildirilir ki, gərginlik küçə toqquşmalarına qədər böyüyüb.

















