1xeber.media xəbər verir ki, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-dan hələ qayıtmayıb. Buna görə də o, ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşün nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə etməyib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Xeyr, o, hələ qayıtmayıb. Buna görə də görüşün detalları barədə hələ məlumatımız yoxdur”, – Peskov qeyd edib.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Vladimir Putinin xüsusi nümayəndəsi ilə görüş keçirdiyini təsdiqləyib, lakin danışıqların detalları barədə məlumat verməyib.
Görüşdən sonra Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın yaxın vaxtlarda əldə oluna biləcəyini də bildirib. Hazırda görüşün konkret nəticələri və tərəflərin hansı məsələləri müzakirə etdiyi açıqlanmayıb.















