Qarbağın taşı olan Şuşa şəhəri düz beş il əvvəl – 2020-ci il noyabr ayının 8-də Müzəffər
Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan
torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və
zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin
dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan
azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci
il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa
şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur. Şuşanın
işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədiləvandallar 600-ə yaxın tarixi
memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla
Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.
Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti
nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb,
mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə
məruz qalıb.
Azərbaycan Prezidenti Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi söz, sənət
adamlarının abidələrini apardı. Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı
barədə konkret göstərişlər verdi. Dərhal da əməli addımlar atıldı. Şuşa işğaldan azad
olunandan sonra Müzəffər Ali Baş Komandan ordusu ilə işğaldan azad etdiyi şəhərə dəfələrlə
səfər etdi. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik
hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir. Şuşa bu gün cənab Prezidentin birbaşa
nəzarəti altında yenidən qurulur, bərpa edilir. Qədim şəhəri daha da gözəlləşdirib ona həyat
verməklə yaralarına dövlət başçısı özü məlhəm qoyur. Bu şəhərdə təkcə dağıdılmış binalar,
infrastruktur bərpa edilmir, ulu yurdun milli ruhu da özünə qaytarılır. Şuşa mədəniyyət
paytaxtımız elan olundu. Qısa zamanda bura siyasi diskussiyaların, möhtəşəm beynəlxalq
tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir.
Şuşa işğaldan azad olunandan sonra ilk dəfə dost, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb
Tayyib Ərdoğan rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr
arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın
yeni mərhələsi başlandı.
Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır.
Bu möhtəşəm zəfərin memarı cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu
Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə
qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından Azərbycan xalqına
Şuşa müjdəsini verərək demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi
Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi
qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu
qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə
demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında
sübut edirik”. Bu ifadələrlə cənab Prezident Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi
əhəmiyyətini ən aydın şəkildə səciyyələndirmişdir.
Son beş ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa
şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış
olublar. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası,
Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin
su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir.
Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir neçə qrupu qayıdıb və bu proses davam
edir. Şuşa həm də ötən il “İslam dünyasının mədəniyyət paytaxtı” adına yiyələnib. “Şuşa
–İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev
çıxış edərək deyib: “Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir.
Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim
qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha
böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin
fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi”.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz
xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz
sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur
mənbəyi olaraq qalacaq.
Gülgəz Məlikova,
Sabirabad Tarix-diyarşünaslıq muzeyinin kiçik elmi işçisi
















