8 noyabr Azərbaycan xalqı üçün təkcə Zəfər Günü deyil, həm də Şuşa şəhərinin azad
olunduğu tarixi gündür. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşanı işğaldan azad etməklə
Vətən müharibəsində həlledici zəfəri qazandı. Bu tarixi hadisə Azərbaycan xalqının
qəhrəmanlıq salnaməsində qızıl hərflərlə yazıldı və əbədi yaddaşlara həkk olundu.
Şuşa XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən salınmış və qısa zamanda
Azərbaycanın ən mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.
“Qafqazın mirvarisi” adlandırılan bu şəhər təkcə gözəlliyi ilə deyil, həm də zəngin mədəni irsi
ilə tanınır. Burada Azərbaycan musiqisinin, poeziyasının və memarlığının parlaq nümunələri
formalaşmış, dahi sənətkarlar – Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski
kimi dahilər yetişmişdir.
Şuşa eyni zamanda Azərbaycan xalqının milli kimliyinin və mənəvi birliyinin
təcəssümüdür. İşğal illərində bu şəhər azadlıq arzularımızın, müqavimət ruhumuzun rəmzinə
çevrilmişdi. Hər bir azərbaycanlının qəlbində Şuşaya qayıdış ümidi daim yaşayıb və bu ümid
2020-ci ilin noyabrında reallığa çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu peşəkarlığı, əzmi və Vətən
sevgisi ilə dünya hərb tarixində unikal bir əməliyyata imza atdı. Şuşa döyüşləri isə bu
müharibənin zirvəsi oldu. Sıldırım qayalarla əhatə olunan şəhərin azad olunması, hərbi texnika
olmadan piyada döyüşçülərimizin irəliləməsi xalqımızın rəşadətini və sarsılmaz ruhunu
nümayiş etdirdi. Məhz buna görə də 8 noyabr təkcə bir qələbə tarixi deyil, həm də milli qürur
və birliyin simvoluna çevrildi.
Prezident İlham Əliyevin həmin gün söylədiyi “Şuşa azaddır! Qarabağ Azərbaycandır!”
sözləri bütün xalqın qəlbində əbədi səslənən zəfər nidasına çevrildi.
Şuşanın azad olunmasından sonra burada geniş bərpa və quruculuq işləri aparılır. Qısa
müddətdə şəhərin siması yenidən dirçəlmiş, tarixi abidələr bərpa olunmuş, yeni sosial
infrastruktur yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən Şuşanın “Azərbaycanın
mədəniyyət paytaxtı” elan olunması bu qədim şəhərin tarixdəki mövqeyini daha da
möhkəmləndirdi.
Hazırda Şuşada “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” kimi ənənəvi
mədəni tədbirlər bərpa olunub. Bu tədbirlər təkcə mədəniyyətin inkişafına deyil, həm də milli
yaddaşın qorunmasına xidmət edir. Şuşa yenidən Azərbaycan incəsənətinin beşiyinə çevrilir.
Bu gün Şuşa şəhəri yalnız keçmişin simvolu deyil, həm də gələcəyə inamın, dirçəlişin və milli
həmrəyliyin mərkəzidir. Burada görülən hər bir iş Azərbaycan dövlətinin gücünü, xalqın öz
torpaqlarına sarsılmaz bağlılığını nümayiş etdirir.
Şuşa azad olunmaqla Azərbaycan xalqının qüruru bərpa olundu, ədalət yerini tapdı. Bu
gün hər bir azərbaycanlı Şuşaya baxanda təkcə qədim bir şəhəri deyil, azad və qalib
Azərbaycanın rəmzini görür.
8 noyabr – Şuşa Şəhəri Günü xalqımızın milli yaddaşında əbədi qalacaq bir tarixdir. Bu
gün həm qəhrəman şəhidlərimizin xatirəsinə ehtiram, həm də dövlətimizin qüdrətinə və
xalqımızın birliyinə olan inamın təntənəsidir. Şuşa azaddır, Şuşa yaşayır, Şuşa dirçəlir –
deməli, Azərbaycan da əbədi yaşayacaq!
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru
















