2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün
təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan
Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə
baş verməyib, bunun zəngin tarixçəsi var. Azərbaycan bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-
da rəsmi olaraq elan edilib. Nazirlər Şurasının 1918-ci ildə iki qərarı elan olunub: birinci qərar
mətbuatda senzuranın aradan qaldırılması, ikinci qərar isə 3 rəngli dövlət bayrağı haqqında
olub.
Həmin vaxta qədər biz qırmızı rəndə olan və səkkiz guşəli bayrağı dövlət bayrağı kimi
istifadə edirdik. Bayrağımızın qərarlaşma tarixi buradan başlayır. Dövlət bayrağının siyasi
mənasını Məhəmməd Əmin Rəsulzadə verib. İdeya və fikir kimi Əli bəy Hüseynzadə “Füyuzat”
jurnalında ilk dəfə olaraq islamçılıq, türkçülük, müasirlik məsələlərinə toxunub. Bu fikri Ziya
Göyalp genişləndirib. Rəsulzadə isə ideyanı daha da dərinləşdirib. İstər Ziya Göyalpın, istərsə
də Əli bəy Hüseynzadənin fikirlərində birinci yerdə mavi rəng, ikinci yerdə yaşıl rəng, üçüncü
yerdə müasirlik rəmzi olan qırmızı rəng yer alırdı. Rəsulzadə bu düsturu pozdu. O, qırmızı
rəngi ikinci yerə, yaşıl rəngi isə üçüncü yerə qoydu. Rəsulzadə yazırdı ki, biz bütün dünya
dövlətlərinə sübut etməliyik ki, müasir, çağdaş dövlət qururuq.
Ona görə də bizim bayrağımızda qırmızı rəngin yeri dəyişdirildi. Yaşıl rəngi ikinci yerə
qoysaydıq, belə çıxacaqdı ki, islam və dini dövlət qururuq. Amma Rəsulzadə dedi ki, biz islam
deyil, müasir, Avropa dövləti qururuq. Buna görə də belə yerdəyişmə oldu. Rəsulzadə bu
addımını 1915-ci ildə rəsmi şəkildə öz yazılarında əsaslandırmışdı.
M.Ə. Rəsulzadə 1915-ci ilin oktyabrın 2-də “Açıq söz” qəzetində nəşr olunan
“Tutacağımız yol” məqaləsində qeyd edib: “Bizim tutduğumuz yol nə yol olmalıdır? Biz hansı
yolu tutmalıyıq? Özü də cavab verirdi: “Biz müasirləşmək, yeniləşmək, əsrləşmək yolunu
tutmalıyıq. Çünki bütün bəşəriyyət müasirləşməyə, əsrləşməyə gedir. Biz də o yolla getməliyik.
Əks halda biz o biri millətlərdən geri qalacağıq”.
3 rəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 16-da İranın Ənzəli şəhərindən Bakıya
gələn general Tomsonun qarşılanma mərasimində istifadə olunub. Bunun başqa mənaları
vardı. Çünki ingilislər bizim əvvəlki bayrağımıza etinasız yanaşırdılar. Deyirdilər ki, bu, türk
bayrağıdır, Türkiyənin formalaşdırdığı dövlətdir.
Bayrağı dəyişməklə onlara sübut etmək istəyirdik ki, bizim qurduğumuz dövlət
Türkiyənin qurduğu dövlət deyil. Bayrağı fərqli etdik ki, onları inandıraq.
1918-ci ilin dekabr ayında Azərbaycan parlamentini formalaşdıran zaman Bakıda
yaşayan ruslar və ermənilərin təhriki ilə general Tomson qərar vermişdi ki, bayraq iclas
olmayanda binanın üzərindən götürülsün. Deməli, həftənin birinci, dördüncü günləri indiki
Əlyazmalar İnstitutunda Azərbaycan parlamentinin iclasları keçirilirdi. Saat 1-də iclas
başlayırdı, bayrağı taxırdılar, axşam saat 7-də iclas bitən kimi ingilislər deyirdi ki, bayraqları
götürün. Rəsulzadə yazırdı: “Biz min müşkülatla bayrağı xalqımızın başı üzərində
dalğalandırdıq”.
Qeyd edək ki, Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci
ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə
sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007-ci ilin dekabrın 30-da Bakının Bayıl
qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyuldu.
2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı
olub. 2024-cü ildə yeni bayraq dirəyinin quraşdırılma prosesi aparılıb və yeni bayraq dirəyi
qurulub. Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılıb. 2024-cü ilin noyabr ayından
dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi
kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
















