1xeber.media xəbər verir ki, ABŞ hakimiyyəti Texas ştatında yüz milyonlarla milçəyin yetişdirilməsi üçün xüsusi müəssisə tikməyi planlaşdırır.
Layihənin dəyərinin 600 milyon dollardan çox olacağı bildirilir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, zavodun tikintisində əsas məqsəd mal-qara və itlərə hücum edən, onların toxumaları ilə qidalanan parazit həşəratların yayılmasının qarşısını almaqdır. Sözügedən zərərvericilərin yayılması ABŞ-ın kənd təsərrüfatına milyardlarla dollar ziyan vura bilər.
Zərərvericilərlə mübarizə üçün xüsusi üsuldan istifadə olunur. Belə ki, laboratoriya şəraitində yetişdirilən steril erkək milçəklər təbiətə buraxılır. Onlar vəhşi dişi milçəklərlə cütləşdikdən sonra yaranan yumurtalardan sürfələr inkişaf etmir. Bununla da zərərvericilərin çoxalmasının qarşısı alınır.
Lakin ABŞ, Meksika və Panamadan olan bir sıra rəsmilər və ekspertlər bildirirlər ki, 2023-cü ildə parazitin Meksika və ABŞ ərazisində yayılmasından üç ildən çox vaxt keçməsinə baxmayaraq, mübarizə tədbirləri hələ də gözlənilən nəticəni vermir.
COPEG adlı ABŞ-Panama birgə təşkilatının rəsmisinin sözlərinə görə, bu ilin aprel ayında steril milçəklərin istehsal həcminin həftədə 20 milyondan 100 milyonadək artırılması barədə qərar qəbul edilib.
Bununla belə, istehsalın genişləndirilməsi prosesində bir sıra çətinliklər yaranıb. Hakimiyyət dəyişikliyi, maliyyələşmədə gecikmələr, bürokratik maneələr, eləcə də ABŞ və Meksika arasında münasibətlərin gərginləşməsi mübarizə tədbirlərinin həyata keçirilməsinə təsir göstərib.
Qeyd edək ki, həşəratların yayılması və iqlim şəraitinin onların çoxalmasına təsiri digər ölkələrdə də diqqət mərkəzindədir. Daha əvvəl Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri fakültəsinin ümumi biologiya və ekologiya kafedrasının müdiri Mixail Sergeyev Rusiyada isti payız səbəbindən həşəratların yeni nəslinin meydana çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Alimin sözlərinə görə, Rusiyanın Avropa hissəsinin böyük ərazisində, Uralda, Sibirin cənubunda və Uzaq Şərqdə sentyabr ayı ərzində orta hava temperaturu çoxillik göstəriciləri təxminən 1 dərəcə Selsi üstələyib
















