Türkiyədə 2027-ci ilin sonuna qədər illik inflyasiyanın 21 faizə çatacağı gözlənilir. Bu, ölkənin Mərkəzi Bankının əvvəlki 15 faizlik proqnozundan xeyli yüksəkdir.
1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” Türkiyə Mərkəzi Bankının açıqlamasına istinadən məlumat yayıb.
Tənzimləyici qurum inflyasiya proqnozunun yüksəldilməsini İranla müharibənin yaratdığı qeyri-müəyyənlik və daxili bazardakı dəyişkənliklə əlaqələndirib. Son dövrlərdə fondlarla bağlı yaranan qalmaqalın da daxili bazara təsir göstərdiyi bildirilib.
Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, geosiyasi hadisələr nəticəsində yaranan təklif şokları ümumi inflyasiyanın azalmasını ləngidir.
Qeyd edək ki, Türkiyədə illik inflyasiya oktyabr ayında 29,8 faizə yüksəlib. Sentyabrda bu göstərici 29,7 faiz təşkil edib. Oktyabr ərzində istehlak qiymətləri 2,58 faiz artıb.
Qiymət artımına ən böyük təsir geyim, ayaqqabı, ərzaq məhsulları və alkoqolsuz içkilər sektorunda qeydə alınıb.
Bundan əlavə, son 12 ay üzrə orta inflyasiya səviyyəsinin 31,23 faizə çatdığı bildirilir.

















