Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət
ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı
münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və
iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlıq əlaqələri beynəlxalq nüfuzunu artırmaqla yanaşı,
regional və qlobal proseslərdə rolunu da gücləndirir. Bu baxımdan, Azərbaycan ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərən
mühüm siyasi hadisədir.
Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük
Britaniya və və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən
imzalanan sənəd uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin
məntiqi davamı olmaqla, gələcək tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi təməlləri mövcuddur.
1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə,
1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə
Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarını formalaşdırıb. Xüsusilə enerji
sektorunda qurulmuş əməkdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin
genişlənməsinə və xarici investisiyaların cəlb edilməsinə mühüm töhfə verib. Bu gün
münasibətlər ənənəvi enerji əməkdaşlığını aşaraq təhlükəsizlik, nəqliyyat, maliyyə, təhsil, elm
və texnologiya sahələrini də əhatə edir.
Yeni Bəyannamənin mühüm siyasi məqamlarından biri beynəlxalq hüququn
fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə
hörmətin təsdiqlənməsidir. Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa
etməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Sənəddə 2025-ci il avqustun 8-də
Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycan-
Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səylərin dəstəklənməsi
ölkəmizin sülh gündəliyinin beynəlxalq səviyyədə əhəmiyyətini nümayiş etdirir. Regionda
davamlı sülhün təmin olunması qarşılıqlı suverenliyə hörmət, iqtisadi inteqrasiya və nəqliyyat-
kommunikasiya əlaqələrinin inkişafı üçün mühüm zəmin yaradır.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində
əməkdaşlığın genişləndirilməsi də xüsusi yer tutur. Müdafiə potensialının inkişafı, təlim və kadr
hazırlığı, müdafiə sənayesi üzrə birgə təşəbbüslər, hüquq-mühafizə orqanları arasında
əlaqələrin gücləndirilməsi müasir təhlükəsizlik çağırışlarına birgə cavab verilməsi baxımından
əhəmiyyətlidir. Bu əməkdaşlıq Azərbaycanın institusional potensialının və təhlükəsizlik
sisteminin təkmilləşdirilməsinə də töhfə verəcəkdir.
İqtisadiyyat, ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi sənədin
əsas istiqamətlərindəndir. Böyük Britaniyanın Azərbaycanın ən iri Avropa investorlarından biri
olması iki ölkə arasında iqtisadi münasibətlərin möhkəm əsaslara söykəndiyini təsdiqləyir.
Bərpaolunan enerji, infrastruktur, maliyyə, xidmətlər və innovasiya sahələrində yeni layihələrin
həyata keçirilməsi qarşılıqlı investisiya imkanlarını genişləndirməklə yanaşı, iqtisadiyyatın
şaxələndirilməsinə də xidmət edəcəkdir.
Sənəddə Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verilməsi Azərbaycanın beynəlxalq
nəqliyyat-logistika sistemində artan rolunun göstəricisidir. Şərqlə Qərbi birləşdirən bu marşrut
beynəlxalq ticarətin genişlənməsi və yükdaşımaların səmərəliliyinin artırılması baxımından
strateji əhəmiyyət daşıyır. Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit imkanları ilə
Böyük Britaniyanın iqtisadi və texnoloji təcrübəsinin uzlaşdırılması yeni əməkdaşlıq
perspektivləri yaradır.
Enerji sahəsində tərəfdaşlığın yeni istiqamətləri də təqdirəlayiqdir. Ənənəvi enerji
əməkdaşlığının bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalarla
tamamlanması müasir dövrün tələblərinə uyğundur. Azərbaycanın günəş və külək enerjisi
potensialı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri bu sahədə
geniş imkanlar yaradır. Böyük Britaniyanın texnoloji və maliyyə təcrübəsindən faydalanmaq
ölkəmizin yaşıl inkişaf hədəflərinin reallaşdırılmasına, enerji ixracı imkanlarının
genişləndirilməsinə və yeni investisiyaların cəlbinə töhfə verəcəkdir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı etimada, ortaq
maraqlara və uzunmüddətli əməkdaşlığa əsaslanan münasibətlərin yeni mərhələsini
müəyyənləşdirir. Sənəd Azərbaycanın milli inkişaf prioritetləri, təhlükəsizlik siyasəti, iqtisadi
şaxələndirmə strategiyası və beynəlxalq nəqliyyat imkanları ilə uzlaşır. Bu tərəfdaşlıq
ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, regional sabitliyin təmin
olunmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəkdir.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
















