“Azenco”nun sabiq rəhbərinin məhkəməsində şahidlər dindirildi: Biznes-kart xərcləri və Etibar Pirverdiyev detalı3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” ASC-nin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəmə prosesi keçirilib.
1xeber.media xəbər verir ki,Teleqraf-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baş tutan iclasda “Azenco” nümayəndəsinin prosesin qapalı keçirilməsi barədə vəsatəti təmin edilməyib.
İclasda ifadə verən şirkətin mühasibi Azər Məmmədəliyev bildirib ki, Vüqar Əliyevin adına açılmış biznes-kartdan qonaqların qarşılanması, hədiyyələr və digər xərclər üçün 651 min manat vəsait xərclənib. O, 2021–2024-cü illərdə kassa-mədaxil orderləri ilə pulları hissə-hissə Vüqar Əliyevə çatdırdığını deyib. Təqsirləndirilən şəxs isə şirkətin təcili ehtiyacları üçün öz aralarında nağd pul toplayıb problemi həll etdiklərini və sonradan həmin vəsaiti geri götürdüklərini bildirib. Mühasib həmçinin “Ulduz” metrosu yaxınlığında Etibar Pirverdiyevin ofisində iclasda iştirak etdiyini və şirkətin iki il “Şahdağ” futbol klubunu maliyyələşdirdiyini təsdiqləyib.
Digər şahid, sahibkar Kamran Həsənov isə işğaldan azad olunmuş rayonlarda tikinti işləri üçün “Azenco”dan texnika icarəyə götürdüyünü və ümumilikdə 506 min 800 manat ödəniş etdiyini qeyd edib. Onun sözlərinə görə, ödənişin bir hissəsi rəhbər şəxslərə əllə (nağd) verildiyi üçün sonradan sənəd kimi qəbul edilməyib və şirkət onu məhkəməyə verərək yarım milyon manatlıq qətnamə çıxartdırıb.
Prosesin sonunda Vüqar Əliyevin vəkili Etibar Pirverdiyevin “Azenco”dakı rəsmi fəaliyyəti və əməkhaqqı barədə şirkətə sorğu göndərilməsi ilə bağlı vəsatət versə də, məhkəmə bunu təmin etməyib. Növbəti məhkəmə iclası noyabrın 30-na təyin olunub.
Qeyd edək ki, “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bildirilən “Azenco”nun keçmiş sədri Vüqar Əliyev DTX tərəfindən həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
















