Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası - 34 illik siyasi tarix, güclü dövlətçilik və milli inkişaf” adlı tədbir keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olundu, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edərək çıxışında Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıb. Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini diqqətə çatdıraraq qeyd edib ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılmasında, ölkədə siyasi sabitliyin bərqərar olunmasında, dövlət idarəçiliyi sisteminin formalaşdırılmasında və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici əhəmiyyət kəsb etmişdir. Həmin dövrdə ölkəmizin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və sosial çətinliklərin aradan qaldırılması, cəmiyyətin sabitliyə və inkişafa istiqamətləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində mümkün olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı xüsusi olaraq vurğuladı ki, əldə edilmiş nailiyyətlərin qorunması, dövlətimizin daha da gücləndirilməsi, milli maraqların müdafiəsi və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövlətinin ötürülməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqət, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə dəstək və dövlətçilik maraqlarının daim üstün tutulması Azərbaycanın qarşıdakı illərdə də davamlı inkişafının, beynəlxalq nüfuzunun möhkəmlənməsinin və xalqımızın firavan gələcəyinin əsas təminatlarından biridir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev nitqində bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Bu gün əsası Ulu Öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, Avropada və dünya birliyində söz sahibinə çevrilib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında vurğuldı ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 34 illik inkişaf tarixi göstərdi ki, bu partiyanın təməl daşını qoyanlar dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında qeyd etdi ki, bu gün sürətlə inkişaf edən müstəqil ölkəmizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Öz əməlində Ümummilli Lider Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsasını və prioritet istiqamətlərini təşkil edir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün tədbir iştirakçılarını Partiyanın yaradılmasının ildönümü münasibətilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının təsis konfransını xatırlayaraq, həmin konfransda iştirak etməsinin həyatında ən unudulmaz xatirələrdən biri olduğunu söylədi. Bizi qarşıda yeni vəziflərin və hədəflərin gözlədiyini bildirərək əminliyini ifadə etdi ki, Ümummilli lider Heydər Əliyevin zəngin irsi və ölkə Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
















