İraqın keçmiş prezidenti Səddam Hüseynin istifadə etdiyi “Boeing 747SP” təyyarəsi satışa çıxarılıb.
1xeber.media xəbər verir ki, bu barədə İraqın dövlət aviaşirkəti “Iraqi Airways” məlumat yayıb.
Bildirilib ki, aviaşirkət Tunisin cənub-qərbində saxlanılan iki “Boeing 747” təyyarəsini satmağı planlaşdırır. Onlardan biri YI-ALM qeydiyyat nömrəli “Boeing 747SP” təyyarəsidir. Bu təyyarə vaxtilə İraq hökumətinə məxsus olub və Səddam Hüseyn tərəfindən istifadə edilib.
Satışa çıxarılan təyyarələrin hər birinin qiyməti 900 min dollar müəyyənləşdirilib.
Alıcıların müraciətlərini qəbul etmək üçün İraqın Tunisdəki səfirliyi nəzdində xüsusi komitə yaradılıb. Müraciətlər dekabrın 21-dən yanvarın 5-dək qəbul ediləcək.
Aviaşirkət bildirib ki, təyyarələr mövcud texniki vəziyyətdə, heç bir zəmanət verilmədən satılır. Daşınma, təmir, gömrük və mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı bütün xərcləri alıcı qarşılamalıdır.
Satışa çıxarılan ikinci təyyarə 330 sərnişin tutumuna malik “Boeing 747-200” modelidir. Hər iki təyyarə 1982-ci ildə istehsal edilərək İraqa təhvil verilib.
“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə,1991-ci ilin yanvarında, ABŞ və müttəfiqlərinin “Səhrada tufan” əməliyyatından əvvəl İraq hakimiyyəti hava hücumlarından qorumaq məqsədilə bir sıra təyyarələri xarici ölkələrə göndərib.
Həmin iki təyyarə Tunisdəki Tozeur–Nefta beynəlxalq hava limanına aparılıb və o vaxtdan burada saxlanılır.
İraq hakimiyyəti təyyarələrin satışı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
















