Azərbaycanın xarici siyasət strategiyası milli maraqların qorunması, beynəlxalq mövqelərinin
möhkəmləndirilməsi və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi
prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və
məqsədyönlü siyasət nəticəsində ölkəmiz müxtəlif regionları birləşdirən etibarlı tərəfdaş,
mühüm enerji və nəqliyyat-logistika mərkəzi kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu
siyasətdə Asiya ölkələri, o cümlədən Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən
dövlətlərindən biri olan Vyetnamla münasibətlərin inkişafı xüsusi yer tutur.
Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi
müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarını, mövcud vəziyyətini və
gələcək inkişaf perspektivlərini əhatə etməklə, iki ölkə arasında əməkdaşlığın strateji
əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlət başçısının fikirləri göstərir ki, uzun illərə
söykənən dostluq ənənələri müasir dövrdə yeni məzmunla zənginləşərək siyasi, iqtisadi və
humanitar əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycan-Vyetnam dostluğunun tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə
Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlarımız
arasında dostluq münasibətlərinin formalaşmasında mühüm hadisə olub. Bu tarixi ənənələrin
davam etdirilməsində 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyətinin Vyetnama səfəri də xüsusi əhəmiyyət daşıyıb. Həmin səfər çərçivəsində
əldə olunan razılaşmalar əməkdaşlığın inkişafına mühüm töhfə verib.
1992-ci il sentyabrın 23-də diplomatik münasibətlərin qurulması ilə dövlətlərarası əlaqələr yeni
mərhələyə qədəm qoyub. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-
ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Sanqın Azərbaycana səfəri siyasi dialoqun
inkişafında mühüm mərhələlər olub.
2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın
Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli münasibətlərin tarixində xüsusi yer tutur. Səfər
zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin keyfiyyətcə
yeni səviyyəyə yüksəldiyini təsdiqləyib. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi
əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığın
inkişafı üçün mühüm imkanlar açıb.
İkitərəfli münasibətlərin möhkəmlənməsində beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı
fəaliyyət də mühüm rol oynayır. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq
platformalarda əməkdaşlıq dövlətlərimizin ortaq maraqlarının uzlaşdığını göstərir. Vyetnamın
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək ölkəmiz tərəfindən yüksək
qiymətləndirilir.
İqtisadi və ticarət əməkdaşlığı Azərbaycan–Vyetnam tərəfdaşlığının prioritet
istiqamətlərindəndir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, iki ölkə arasında
ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin
iqtisadi potensialını tam əks etdirmir. Sənaye, kənd təsərrüfatı, energetika, tikinti və investisiya
sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Energetika sahəsi bu münasibətlərin ənənəvi və strateji istiqamətlərindən biridir. Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam)
arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış
Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və
mütəxəssis hazırlığı kimi istiqamətlərdə əməkdaşlığın inkişafına imkan yaradır. Azərbaycanın
zəngin enerji təcrübəsi ilə Vyetnamın iqtisadi potensialının uzlaşdırılması qarşılıqlı faydalı
nəticələr vəd edir.
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakının genişlənməsi də diqqətəlayiqdir.
Vyetnamın ROX Group şirkətinin ölkəmizdə tikinti, infrastruktur və bərpaolunan enerji
sahələrində layihələrə maraq göstərməsi iqtisadi tərəfdaşlığın konkret təşəbbüslərlə
zənginləşdiyini nümayiş etdirir. Bu əməkdaşlıq Azərbaycanın əlverişli investisiya mühiti və
qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir.
Nəqliyyat və logistika sahəsi də ikitərəfli əlaqələrin inkişafı üçün mühüm perspektivlər açır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq
dəhlizlərdə artan rolu Asiya ilə Avropa arasında etibarlı tranzit imkanları yaradır. Xüsusilə Orta
Dəhliz və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin strateji əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan üzərindən tranzit daşımalarında müsbət
dinamika müşahidə olunur. Bu imkanlardan Vyetnam yüklərinin Avropa və digər bazarlara
çatdırılmasında istifadə edilməsi qarşılıqlı ticarətin genişlənməsinə və yeni logistika
əlaqələrinin formalaşmasına xidmət edə bilər.
Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar
əməkdaşlıqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, humanitar əlaqələr xalqlarımızı və
dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Bu sahədə Heydər Əliyev Fondunun
fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun Vyetnamda həyata keçirdiyi xeyriyyəçilik, təhsil və
sosial layihələr Azərbaycan xalqının humanizm və həmrəylik prinsiplərinə sadiqliyinin
təzahürüdür.
Elm və təhsil sahəsində əməkdaşlıq da zəngin tarixi ənənələrə malikdir. Sovet dövründə
təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında
formalaşmış intellektual əlaqələrin miqyasını göstərir. Bu ənənələrin davam etdirilməsi, ali
təhsil müəssisələri arasında əlaqələrin və akademik mübadilənin genişləndirilməsi gələcək
nəsillər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının
açılması tarixi dostluğa verilən yüksək dəyərin rəmzi ifadəsidir. Bu təşəbbüs iki xalqın ortaq
yaddaşının qorunmasına və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək nəsillərə
çatdırılmasına xidmət edir.
Mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət də humanitar əlaqələri tamamlayır. Azərbaycanda
Vyetnam günlərinin keçirilməsi, ədəbiyyat və incəsənət nümayəndələri arasında əlaqələrin
genişlənməsi xalqlarımızın mədəni irsinin qarşılıqlı tanıdılmasına imkan yaradır. Görkəmli
bəstəkar Qara Qarayevin Vyetnama həsr etdiyi musiqi əsərləri və rejissor Əjdər İbrahimovun
Vyetnam kinematoqrafiyasının inkişafına verdiyi töhfələr bu dostluğun mədəniyyət
tariximizdəki mühüm səhifələridir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam
münasibətlərinin tarixi dostluqdan strateji tərəfdaşlığa doğru uğurlu inkişaf yolunu aydın
şəkildə ortaya qoyur. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin yaratdığı imkanların
reallaşdırılması, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat-logistika
əlaqələrinin inkişafı, eləcə də humanitar və mədəni münasibətlərin dərinləşdirilməsi qarşıdakı
dövrün əsas prioritetlərindəndir.
Dövlət başçısının dost Vyetnama səfərinin qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində
növbəti mühüm addım olacağına dair fikirləri iki ölkənin gələcək əməkdaşlığına verilən yüksək
siyasi qiymətin ifadəsidir. Azərbaycan və Vyetnamın malik olduğu iqtisadi potensial, əlverişli
coğrafi mövqelər və qarşılıqlı siyasi iradə münasibətlərin daha da genişləndirilməsi üçün
möhkəm əsas yaradır.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, prinsipial və çoxşaxəli
xarici siyasət həyata keçirərək beynəlxalq əməkdaşlıq proseslərində fəal iştirak edir.
Vyetnamla strateji tərəfdaşlıq münasibətlərinin formalaşması ölkəmizin Asiya istiqamətində
əlaqələrinin genişlənməsinin, beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş mövqeyinin daha da
möhkəmlənməsinin bariz nümunəsidir.
Kənan Ağababayev,
“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktorunun inzibati işlər üzrə müavini
















