Qusar rayonunda icra olunan 68 layihə çərçivəsində aqrar sektora 78 milyon 370 min manat investisiya qoyuluşu nəzərdə tutulur.
1xeber.media xəbər verir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayon üzrə icrasına həsr olunmuş iclasda məlumat verilib.
Toplantıda Tədbirlər Planına daxil olan layihələrin icra vəziyyəti, aqrar istehsalın genişləndirilməsi, eləcə də fermer və sahibkarların dəstəklənməsi məsələləri diqqət mərkəzində olub. İştirakçılar mövcud problemlərin aidiyyəti qurumlarla birgə həlli və investisiya imkanlarından səmərəli istifadə edilməsi ətrafında fikir mübadiləsi aparıb, müvafiq təkliflər irəli sürüblər.
Müşavirənin ardından Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrlə tanış olmaq məqsədilə bir sıra təsərrüfatlara yerində baxış keçirilib. Bağçılıq, meyvəçilik, heyvandarlıq və soyuducu anbar komplekslərinin tikintisi istiqamətində görülən işlərin mövcud vəziyyəti qiymətləndirilib.
















